Ramazan gözəl niyyətlər və xeyirxah əməllər ayıdır ŞƏRH

Ramazan gözəl niyyətlər və xeyirxah əməllər ayıdır ŞƏRH

Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayını da xalqımız böyük sevinclə qarşılayıb. Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Ramazanın fəzilətləri barədə müqəddəs kitabımız "Qurani-Kərim"də belə yazılır: "Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun.."

Bu hikmət dolu sözlər insanların saflığa, doğru yola çağırışıdır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirir. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə bilirlər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanırlar.

"RAMAZAN AYI İLAHİ HİKMƏTLƏR XƏZİNƏSİ MÜQƏDDƏS "QURANİ-KƏRİM"İN NAZİL OLMASI İLƏ ƏLAMƏTDARDIR"

Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır ki, həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır: "Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar".

Təbii ki, milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirir. Sözsüz ki, mənəvi dəyərlərimiz mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır.

Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur.

"İSLAM DİNİNİN, DİNİ ADƏT VƏ MƏRASİMLƏRİN OLDUĞU KİMİ İNSANLARA ÇATDIRILMASI MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİN ƏSAS QAYƏSİDİR"

Dünyada multikultural və tolerant ölkə olaraq tanınan Azərbaycan milli dəyərlərə, adət-ənələrimizə də böyük hörmətlə yanaşır. Azərbaycan Prezidenti İlham Əliyev islami dəyərlərin milli dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirir: "... bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır".

Müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Ölkəmiz multikultural dəyərləri təşviq edir, dünyanı həmrəyliyə dəvət edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və islam dünyasının inkişafında özünəməxsus rolu var.

Azərbaycanda tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən və irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: "Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək".

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir.

Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi: "Ölkəmizdə bütün vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İslam dininin, dini adət və mərasimlərin olduğu kimi insanlara çatdırılması maarifləndirmə tədbirlərinin əsas qayəsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir və davam etdirilməlidir".

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə