Abil Ağasəfov: “Brüssel görüşü İlham Əliyev iradəsinin diplomatik qələbəsidir” RƏY
“Fakt budur ki, Brüssel görüşündən sonra Ermənistan tərəfi kimi danışıqlarda hər zamankı kimi öz maraqlarını irəli sürə bilmədi və eyni zamanda, Azərbaycanın təklifləri, şərtləri əsas götürüldü”. Bu fikirləri SİA-ya YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov sözügedən mövzu ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, burada ən önəmli məqamlardan biri də ATƏT-in Minsk qrupunun prosesdən kənarlaşdırılması, eləcə də “status” iddiası ilə bağlı İrəvanın fikir yürüdə bilməməsi reallığıdır: “Təbii ki, bu uğurlu bir faktordur və ən əsası, bu faktoru işlək vəziyyətə gətirən məhz Prezident İlham Əliyev cənablarının qətiyyətli siyasətidir. Daha dəqiq desək, Qarabağ Azərbaycandır, bu gerçəklik başqa cür qiymətləndirilə bilməz. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz vətəndaşları kimi görür və onların hər biri yalnız və yalnız Azərbaycan vətəndaşlarının təmin edildiyi hüquqlara malik ola bilərlər. Ermənistan, bu ölkənin baş naziri həmin amili dərk etmək məcburiyyətindədir və hesab edirəm ki, dərk edib də”.
“Halbuki, Nikol Paşinyan dəfələrlə Qərb dövlətləri ilə təmaslarda bu kartı oynamağa cəhd edib. Amma gördüyümüz ki, artıq Qərb siyasi arenası da onun həmin iddialarından bezib. Əbəs deyil ki, artıq yekun bəyanatda sülh sazişi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılmalı olduğu barədə də heç bir söz yoxdur. Çünki rəsmi Bakı da dəfələrlə qeyd edib ki, Qarabağ münaqişəsi artıq başa çatıb, ona görə də Minsk Qrupu artıq bununla məşğul ola bilməz. Yaxud, Minsk Qrupunun 30 il boyunca görməli işi Azərbaycan 44 gündə həll etdi. Və beləliklə, Brüsseldə aparılan danışıqlar Azərbaycan diplomatiyasının gücünü bir daha göstərdi. Paşinyan nəticə etibarı ilə başa düşməlidir ki, qonşu dövlətlərlə münasibətlərin normallaşması Ermənistana hansısa konkret imkanlarla xarici aləmə çıxmaq şansı verir və nəhayət, Ermənistan bir ölkə kimi xəritədən silinmək təhlükəsindən də xilas olur. Bakı məhz buna çalışır və inanmaq istərdik ki, Azərbaycan tərəfinin apardığı uğurlu diplomatiya da sülhün bərqərar olmasına yönəlib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB