Prezident İlham Əliyev: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” ŞƏRH
“Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”. Prezident İlham Əliyev bu fikirləri çıxışlarında dəfələrlə vurğulayıb və bildirib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır: «Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər". Dövlət başçısı onu da vurğulayıb ki, heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın: «Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil". Ancaq bu gün Ermənistan sülhə əngəl olmaq üçün əsassız bəyanatlarından, təxribatlarından əl çəkmir.
Erməni canfəşanlığının pərdəarxası məqamları
Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 24 mart tarixində guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanat yayması bir daha bu işğalçı ölkənin riyakar olduğunu sübut edir. Bəyanatda erməni tərəfi iddia edir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-lardan istifadə edilir, silahlı toqquşma baş verir. Hətta hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfi məlumat da yayıb. Onların əsassız bəyanatında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi ilə bağlı ittihamlar yer alıb. Sözsüz ki, bu erməni mənbələri tərəfindən uydurulmuş və heç bir əsası olmayan fikirlərdir. Məqsəd vəziyyəti süni şəkildə şişirtmək və gərginlik yaratmaqla öz havadarlarının diqqətini bölgəyə çəkmək niyyətidir.
Belə ki, ötən ilin dekabrında Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident İlham Əliyev dəvəti qəbul etdi. NATO Baş katibi Stoltenberq ilə görüşdü. NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. 2 saatdan artıq çəkən iclasda NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndələri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər, xoş fikirlər söylədilər.
Ancaq Rusiyanın qorxusundan vassal və müstəmləkə dövlətin rəhbəri olan Paşinyan NATO-ya səfər etməkdən boyun qaçırdı. İndi Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək Paşinyan və onun ikiüzlü komandası NATO-ya və qərb ölkələrinə meyil edir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır. Həmin vaxtda Paşinyan NATO-nun toplantısında iştiraka yox deyəndə Rusiya güclü idi. İndi isə Rusiyanın zəiflədiyini görən Paşinyan batmaqda olan gəmini tez tərk edən siçovullara bənzəyir. Budur Paşinyanın saxtakar komandasının həqiqi mahiyyəti. Sözsüz ki, Ermənistanın daim ikili oyun oynadığını qərbdə də, Rusiyada da yaxşı bilirlər. Və bütün bunlar bir daha Ermənistanın siyasi riyakarlıq edərək sülh yaratma prosesinə əngəl törətməsini sübut etməklə yanaşı, həm də 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaların icrasını yerinə yetirmir. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməklə Azərbaycan ərazisində qalmış qanunsuz silahlılarını bölgədən çıxarmalıdır. Çünki beynəlxalq hüquq və prinsiplər əsasında münasibətlərin normallaşması bölgədə sülhün, sabitliyin təmin edilməsinin yeganə yoludur. Təsadüfi deyil ki, martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub. Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Bu fakt belə özlüyündə rəsmi Bakının prosesi hərbi və siyasi qaydalara uyğun apardığını sübut edir.
Həmçinin, son günlər sosial şəbəkələrdə Xocalının Fərrux və Pirlər kəndi ilə bağlı informasiyalara gəldikdə isə, bu ərazilər Ağdamın təhlükəsizliyi baxımından vacib nöqtələrdir. Bu ərazilərdə nəzarətin Azərbaycan silahlı qüvvələrinə keçməsi ilk Ağdamın təhlükəsizliyinin tam təmin edilməsi deməkdir. Həmçinin, bu kənd özülüyündə böyük mənəvi və psixoloji məna daşıyır. Belə ki, ermənilərin “yazarı”, əslində isə, uşaq qatili Zori Balayan Birinci Qarabağ müharibəsi gedişində Fərruxu Qarabağın “qızıl açarı” adlandırırdı. Təsadüfi deyil ki, ermənilər bura çoxlu muzdlu qüvvə yerləşdirmiş, işğalı surətləndirmişdi. Birinci Qarabağ müharibəsində Fərrux kəndi uğrunda Azərbaycan silahlı qüvvələri xeyli şəhid verib. Və bu gün Fərruxda kütləvi məzarlıqların olması da deyilənləri sübut edir. Belə olan halda ermənilərin bu gün canfəşanlığının bir səbəbi də məhz budur. Ermənilər bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq kimi Fərruxda da kütləvi məzarlığın aşkarlanmasından qorxur.
Azərbaycanın haqlı tələbi: belə davam etsə...
Ermənistanın vaxtaşırı olaraq Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verməsi isə artıq “praktikaya” çevrilib. Və Ermənistan Azərbaycanın haqlı tələbini qəbul etməlidir. Belə davam edərsə, o zaman Azərbaycan Ermənistanın növbəti təxribatına Azərbaycan layiqli cavabını verib və bundan sonra da verəcək. Çünki Azərbaycanın Ermənistan ərazisinin bir santimetrinə də iddiası yoxdur. Ermənistan müharibənin bitməsinin ikinci ilinin yaxınlaşmasına baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır. Sərhədlərin dəqiqləşməsi ilə bağlı danışıqlara getməkdən çəkinir. Ümumiyyətlə isə, Ermənistan hələ də 44 günlük müharibədən hiss edilir ki, yaxşı nəticə çıxarmayıb.
Və bu gün 10 noyabr 2020-ci il Bəyanatına uyğun olaraq Azərbaycan öz üzərinə düşən öhdəlikləri doğru və düzgün icra edir. Dövlətimizin hər zamankı kimi sözü və əməli birdir. Ermənistan tərəfi isə yalanı və riyakarlığı özü üçün milli “strategiyaya” çevirib. Öz “siyasətini” böhtanlar üzərində quran Ermənistan hələ də razılaşmaların icrasından yayınır. Eyni zamanda, bu ölkə razılaşmaların icra vəziyyətini təmin etməmək üçün təxribatlara əl atır. Çünki Ermənistanda hələ də “böyük Ermənistan” xülyası ilə yaşayanlar var. Doğrudur, bu günlərdə Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Amma bundan sonra da qarşı tərəfdən təxribatlara yol verilib. Amma erməni tərəfi yenə də unutmamalıdır ki, o ərazilər Azərbaycana məxsusdur. Sülhməramlıların arxasında gizlənən erməni terrorçuları qısa zamanda ərazini tərk etməlidir. Əks halda onların bu ərazilərdən sağ çıxması mümkün olmayacaq. Qarşı tərəf Azərbaycan Ordusunun gücünə bələddir. Erməni tərəfi Azərbaycanın növbəti hücum əmrindən ehtiyyat etməlidir.
Bir sözlə, Ermənistanın yeganə çıxış yolu sülh müqaviləsini imzalamaqdır. Ayrı yolları da yoxdur. Çünki nə vaxtsa baş qaldırsalar, başları üzərində “Dəmir yumruğ”u görəcəklər. Vəziyyətdən çıxış yolu yalnız sülh sazişini imzalamaq və təxribatlara son qoymaqdır.
Azərbaycan bölgədə sülh və sabitliyin təminatçısıdır
Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev diktə edən tərəf olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir və Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir. Paşinyan başa düşməlidir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşadan regiona və dünyaya etdiyi çağırışları bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti rəhbəri olduğu ölkə bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün sülhə hazır olmaqla bərabər, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır. Və 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bunun təsdiqidir.
Bu gün sivil dünya görür və əmindir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və xalqı regionda sülhün əldə olunması üçün çalışır. Prezident İlham Əliyev müsahibələrində də demişdir ki, biz sülh istəyirik, yetərincə müharibə oldu: «Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik”.
Bir sözlə, bu gün Ermənistan hökuməti qatı millətçi, revanşist fikirlərdən əl çəkməlidir. Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Və təəssüf ki, bu vaxta kimi rəsmi Bakının sülh təşəbbüsləri ilə bağlı Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Bu, əlbəttə, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq. Ermənistan isə beynəlxalq qanunları pozaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.
Qərb dövlətləri, bütün dünya bunun fərqində olmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev demişdir: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur”.
Göründüyü kimi, Ermənistan hökumətinin yeritdiyi siyasət səhv və yanlışdır. Azərbaycan düz və ədalətli yoldadır. Xalqımızın məsəli var: düzə zaval yoxdur. Onlar, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla sülh razılaşması olmazsa, gələcəkdə bunun bədəlini ödəməli olacaqlar.
Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Və bu gün Ukrayna ilə Rusiya arasında baş vermiş müharibəyə dünya dövlətlərinin və beynəlxalq təşkilatların münasibətlərini izlədikdə bir daha əmin olursan ki, ikili standartlar hələ də hökm sürməkdədir. Baş verən hadisələr bir daha onu sübut edir ki, Rusiya-Ukrayna münaqişəsində problemin sülh və danışıqlar yolu ilə həll olunmasında dünya o qədər də səbr və təmkin nümayiş etdirmədi. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, münaqişə sülh yolu ilə və danışıqlar masasında həll olunmalıdır. Azərbaycan hər zaman çətin vəziyyətə düşmüş ölkələrə öz humanitar yardımını əsirgəməmişdir. Bu dəfə də müharibədə yaralanmış Ukrayna vətəndaşlarının müalicəsi üçün bu ölkəyə külli miqdarda humanitar yardım göndərdi. Bu dövlətimizin hər zaman dinindən, dilindən aslı olmayaraq bəşəriyyətə və insanlara verdiyi böyük dəyərdir. Və bu gün Azərbaycanın haqlı tələbi: belə davam etsə...Yəni ermənilər sülh, sabitlik, əmin-amanlıq və inkişaf istəyirlərsə, onda Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Əks-təqdirdə onlar üçün sülh də olmayacaq, sabitlik də, əmin-amanlıq da. Üstəlik, iqtisadi böhrandan heç zaman xilas ola bilməyəcəklər. Biz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olmuş, itkin düşmüş, ömürlük əlilə çevrilmiş soydaşlarımızın qanının yerdə qalmaması üçün bütöv və qüdrətli Azərbaycan dövləti yaratmalıyıq və yaradırıq. Əgər kimsə bu prosesə mane olmaq istəsə, onda başı üstündə “dəmir yumruğu” görəcək. Bu baxımdan, ermənilərin revanşist fikirləri, sadəcə, xəyal olaraq qalacaq. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda, Ermənistanın mövcudluğu sual altında qalacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB