Mart soyqırımı Azərbaycan xalqının tarixində nə birinci, nə də sonuncu faciədir - MÜNASİBƏT BİLDİRİLDİ

Mart soyqırımı Azərbaycan xalqının tarixində nə birinci, nə də sonuncu faciədir - MÜNASİBƏT BİLDİRİLDİ

"1918-ci ilin 31 Mart soyqırımı Azərbaycan xalqının tarixində və taleyində nə birinci, nə də sonuncu faciədir. Həmişə sual olunur. Biz ermənilərə nə etmişik? Onlar nə üçün bu qədər qəddardırlar? Əslində onlara torpaq verən bizik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Gülüstan, Türkmənçay, Ədirnə müqavilələrindən sonra Cənubi Azərbaycandan və Osmanlı ərazisindən 100 minlərlə erməni Azərbaycanın Qarabağ, Naxçıvan və Şamaxı torpaqlarında məskunlaşıb: "XIX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində erməni ziyalıları Daşnaqsütun partiyasını yaratdılar. Bu partiya bildirib ki, guya e.ə II əsrin sonu I əsrin əvvəllərində böyük Ermənistan deyilən bir dövlət olub və bu dövlət tarixin sonrakı dövrlərində dağılıb. Guya Aralıq dənizindən Qaradənizə və Qaradənizdən Xəzər dənizinə qədər olan ərazilərdə məskunlaşıblar. Bu ərazilərdə yaşayan türk müsəlmanlarını yer üzündən silib özləri həmin əraziyə keçmək istəyiblər. 1918-ci ilin mart ayında müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirdilər. 11 mindən artıq insan bu qırğında həlak olmuş, şəhid olmuşdur. Təbii ki, Bakının tarixi, dini abidələri, o cümlədən Təzə Pir məscidi dənizdən atılan top atəşi ilə dağıdılıb. Təkcə Bakı şəhərində yox, Şamaxı şəhərindəki müsəlmanları qətlə yetirmişlər, 8 mindən artıq insan həlak olub. Ümumi Şamaxı qəzasının 53 kəndində bu qırğın törədilib. Cümə məscidi yandırılıb və həmin məscidin içərisində xeyli sayda azərbaycanlı yandırılıb. Quba qəzasında, Quba şəhərində 10 minlərlə insanın həyatına son qoyulub.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı ilk sinfi müharibə kimi, sonra isə vətəndaş müharibəsi kimi xarakterizə olundu. Bu müharibənin qəhrəmanı Şaumyan, bunun günahkarı isə Azərbaycanın milli demokratik ziyalıları hesab edildi. Baş verən hadisələrdən dərs çıxarmamaq, onları unutmaq Azərbaycan xalqına yeni faciələr gətirdi. 44 günlük müharibəni xarakterizə edən Ali Baş Komandan cənab Prezident İlham Əliyev qələbənin 4 şərtini göstərərək məsələnin tarixiliyini və hüquqi cəhətlərinin dünyaya çatdırdı. Yəni vaxtilə ermənilərin müsəlmən əhaliyə qarşı həyata keçirdiyi soyqırımları insanlara, dünyaya çatdıra bilmədiyimizə görə yenidən soyqırımına məruz qaldıq. Bu tarixdən nəticə çıxararaq düşmənin məkirini, düşmənin niyyətini dünyaya bəyan etdik. 2020-ci ilin sentyabrında Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad etdi. Bu Azərbaycanın son 200 illik tarində ən böyük qələbə idi.
Eyni zamanda bütün dünyaya bildirdik ki, torpaq müqəddəsdir, şəhidlər müqəddəsdir. 3 mindən çox şəhid verdik, minlərlə Azərbaycan əsgəri və zabiti yaralandı. Bütün bunlar torpağa olan məhəbbətimizi, dəmir yumruq kimi birləşdiyimizi bütün dünyaya göstərdi.

Azərbaycanın dövlət başçısının dediyi ki, zamanla Ermənistanla dostluq münasibətləri qurula bilər. Amma biz heç bir zaman ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdiyi qırğınları unutmamalıyıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə