Rusiya-Ukrayna savaşını durdura biləcək güc: Türkiyə faktoru! SİYASİ RAKURS

Rusiya-Ukrayna savaşını durdura biləcək güc: Türkiyə faktoru! SİYASİ RAKURS

Yaxud, Azərbaycanın strateji müttəfiqi olan Ankara barışçı missiyasını icra edir – Bakının da prosesə qoşulması şansı arta bilərmi?

Məlum olduğu kimi, Ərdoğanla Putin arasında baş tutan telefon danışığında Rusiya və Ukrayna arasında növbəti görüşün İstanbulda keçirilməsi razılaşdırılıb. Bu baxımdan, Moskvanın Qərblə strateji yaxınlığa malik olmasına rəğmən Ankara ilə münasibətlərini etimada bağlaması özündə bir sıra faktorları ehtiva etməkdədir. Yəni Moskva da yaxşı bilir ki, bu gün Ukraynada başlatdığı müharibəyə görə demək olar ki, bütün NATO ölkələri və Aİ ilə münasibətləri korlanıbsa, Ankaranın da Qərblə münasibətləri elə də ürəkaçan səviyyədə deyil. Belə olan vəziyyətdə Rusiya-Türkiyə münasibətlərinin artırılması, həmçinin qarşılıqlı etimadın yaranması özünü daha çox qabarıq şəkildə göstərməkdədir.

Lavrov da İstanbulu seçir

“Rusiya və Ukrayna arasındakı danışıqlar İstanbulda bərpa olunacaq”. SİA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya mətbuatına verdiyi müsahibəsində bildirib. Kremlin xarici diplomatik idarəsinin başçısı Putin və Zelenskinin mümkün görüşü məsələsinə münasibətini şərh edərkən qeyd edib ki, Putin heç vaxt Zelenski ilə görüşdən imtina etməyib. “Lakin indi fikir mübadiləsi üçün istənilən görüş məhsuldar olmayacaq. Rusiya üçün əsas məsələlərin nəticələrinə aydınlıq gələn kimi Putinlə Zelenski arasında görüşə ehtiyac duyulacaq”.

Məhz bu fonda ikinci raund görüşün İstanbulda keçirilməsi qərarı, daha dəqiq desək, Antaliyada keçirilən ilk görüşdən sonra ikinci görüşün yenə də Türkiyə ərazisində keçirilməsi Moskvanın Ankaranın xeyrinə olan jesti kimi də qiymətləndirilə bilər.

Başqa tərəfdən, sözügedən situasiya yalnız danışıqların hansı nəticələrlə başa çatmasını ehtiva etmir. Danışıqlar nəticəsiz qala bilsə belə qarşılıqlı addımların atılması baxımından Türkiyənin ortaq vasitəçi kimi qəbul edilməsi Ankaranın regiondakı əhəmiyyətini nümayiş etdirir.

Azərbaycanın əsl və əbədi müttəfiqinin əldə etdiyi diplomatik güc balansı Bakının da bənzər proseslərə qatılmasına kifayət qədər yol açır, zəmin verir

Belə olan situasiyada, yəni Türkiyənin balanslı siyasət aparması halında onun sarsılmaz müttəfiqi Azərbaycana da müsbət təsirlərinin ola biləcəyini istisna etmək olmaz. Hətta belə bir nəticə də hasil edə bilərik - Azərbaycanın əsl və əbədi müttəfiqinin əldə etdiyi diplomatik güc balansı Bakının da bənzər proseslərə qatılmasına kifayət qədər yol açır, zəmin verir.

Məsələn, nəzərə alsaq ki, Rusiyanın Ukrayna ilə müharibəsinin müddəti get-gedə uzanır və qarşıdakı vaxtlarda danışıqların nəticəsi olaraq ortaq konsensusa nail olunmayacaqsa, bu zaman Türkiyədən fərqli olaraq hər iki ölkə ilə - həm Rusiyaya, həm də Ukraynaya daha yaxından bələd olan Azərbaycan öz sülhə dəvət etmə missiyasını icra edə bilər. Hətta Ankara həmin missiyanı Bakıya transfer etməklə öz dəstəyini də göstərər. Nəticədə üçüncü, yaxud dördüncü raundların Azərbaycana transfer edilməsi prosesinə başlanılar.

Daha bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, bu günə qədər Bakı bir neçə dəfə bənzər görüşlərə ev sahibliyi edib. Misal üçün, NATO-Rusiya, Pentaqon-Rusiya MN, ABŞ və Rusiyanın Baş qərargah rəislərinin görüşlərini nümunə kimi göstərə bilərik.

Ancaq ümid edək ki, İstanbul görüşünün nəticələri tərəflərin bir məntiqə gələ biləcəklərinə öz təsirlərini göstərə bilər, baş verən müharibə durdurular. Lakin ən əsası budur ki, aparıcı Qərb dövlətlərinin qarşısında Rusiya-Ukrayna arasındakı növbəti danışıqlar raundunun da qardaş və müttəfiq Türkiyədə keçirilməsi qərarı regional maraqlar baxımından Ankaranın strateji diplomatiya xəttinin ən yüksək səviyyədə olduğunu sübuta yetirir və sülhün bərpa edilməsinə öz müsbət təsirlərini göstərəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə