Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş beynəlxalq cinayətdir - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır: "`Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş beynəlxalq cinayətdir.
Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırıma məruz qalıb. Xocalı faciəsi ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə təxəyyülün əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyub. Bir gecədə 8 ailə tamamilə məhv edilib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkinin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Digər tərəfdən, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı".
Millət vəkili həmçinin onu da qeyd etdi ki, Ulu öndər Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb: "Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayandığının şahidi oldu. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişib: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanıb. Məhz Heydər Əliyev Fondunun gərgin fəaliyyəti, əvəzsiz xidmətlərinin sayəsində dünya ictimaiyyəti Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması olub. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Ölkə Prezidentimizin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində günahsız qurbanların qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun “Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli_əbədi torpaqlarımızı 28 illik əsarətdən xilas etdi, Xocalı soyqırımının icraçılarından Rüstəm Qasparyan, onun kimi neçə-neçə cinayətkarı məhv etdi.Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və qisasınız alındı deyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB