PREZİDENT İLHAM ƏLİYEV: “Müharibə istəmirik... Lakin hərbə hazırıq” ŞƏRH
Azərbaycan Prezidenti, Ali Baş Komandan bütün çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, Ermənistan yanlış və çox təhlükəli yoldadır: «Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olun-mayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq».
Təbii ki, 44 günlük İkinci Vətən Müharibəsində Azərbaycan bütün dünyaya qalib olduğunu, Ermənistanın isə kapitulyasiya olduqdan sonra ağlı başında olan heç kim ikinci dəfə bu oyuna girməz. Çünki biz xalq olaraq hər zaman sülhün tərəfdarı olmuşuq. Dövlətimiz də bu istiqamətdə idarə olunur. Lakin qan tökülməsinin, iqtisadiyyata böyük miqyasda zərər verilməsinin əleyhinə olsaq da, torpaqlarımızın düşmən tapdağı altında qalmasına göz yuma bilməzdik. Ermənilər isə bizim sülh tərəfdarı olmağımızdan sui-istifadə edir, vaxtaşırı cəbhə bölgəsində təxribatlar törədirdi. Bu azmış kimi, yeni ərazi iddiaları edir, lazım gələrsə, tanklarını Bakıya qədər sürəcəklərini bildirirdilər. Bütün bu haqsızlıqlar oğrunun bağırmasından başqa bir şey deyildi. Lakin bu dəfə doğrunun bağrı yarılmadı. Biz ermənilərin dünyaya satdığı, zaman-zaman özlərinin də inandığı yalanlara, miflərə və qəhrəmanlıq eposlarına məhəl qoymadan, deyim yerindədirsə, “başımızı aşağı salıb” ordumuzu gücləndirirdik. Prezidentimiz bu barədə danışarkən qeyd edir ki, hər nə qədər torpaqlarımızın süllh yolu ilə azad edilməsini istəsək də, ermənilərin xislətinə də yaxşı bələd idik. Biz mütləq hər vəziyyətə hazır olmalı idik. Prezident İlham Əliyev bütün yüksək tribunalardan Azərbaycanın haqq işini müdafiə edir, dünyaya çatdırırdı. Lakin dövlətimizin başçısı çox yaxşı bilirdi ki, Azərbaycan xalqının qəlbindəki Qarabağ həsrəti hansısa xarici qurumun, dövlətin ümidinə qala bilməz. Çünki 30 ilə yaxın müddət ərzində heç bir külək əsdirməyən, bir yarpağı belə tərpətməyən ATƏT-in Minsk qrupu və digər təşkilatların bundan sonra fırtına qoparacağı inandırıcı deyildi. Azərbaycan isə torpaqlarını işğaldan azad etməyə hazırlaşırdı. Bu, elə bir hazırlıq idi ki, təkcə hərb sahəsini deyil, iqtisadiyyatı, siyasi münasibətləri özündə birləşdirirdi.
Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, Vətən müharibəsində qazandığımız zəfəri təmin edən ən mühüm amillərdən biri də iqtisadi müstəqilliyimiz idi. Əlbəttə, torpaqlarımızı haqsız, qanunsuz və xüsusi vəhşiliklə işğal edən terrorçu Ermənistan dövləti qeyri-qanuni şəkildə silahlanarkən, ata-baba yurdumuzu talan edib “güclü” müdafiə sistemləri yaradarkən, biz də ağzımızı açıb “göydən gələcək” loxmanı gözləyə bilməzdik. Lakin arsenalımıza daxil etdiyimiz müasir silahlar, qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, zirehli texnika və başqa hərbi vasitələr bizə kimlərinsə, xarici qüvvələrin və ya havadarların bəxşişi deyildi. Biz bütün silah-sursatı dövlət büdcəsindən orduya və ordu quruculuğuna ayrılan vəsaitlə almışıq. Və nəhayət, 2020-ci il sentyabrın 27-də xalqımızın uzun illərdir gözlədiyi həmin gün gəldi. Erməni təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatları geniş vüsət aldı. Beləliklə, hərb və müstəqillik tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi başlandı. Düşmənin bir neçə ilə işğal etdiyi, 30 il müdafiə sistemləri quraraq möhkəmləndiyi torpaqlarımız Azərbaycan Ordusu tərəfindən ay yarım müddətində azad edildi. Və bütün dünya gördü ki, Azərbaycan ayağa qalxanda onun dizi üstünə tökülmüş işğalçılar qırıntı kimi ətəklərimizdən dağılmağa məhkumdur. Ümid edirik ki, Ermənistan və onun havadarları ağıllarını başlarına toplayacaq və növbəti dəfə odla oynamayacaqlar.
“İSTƏNİLƏN SÜLH MÜQAVİLƏSİ ERMƏNİSTAN ÜÇÜN, SADƏCƏ, KAĞIZ PARÇASI OLA BİLƏR”
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdama və Ağcabədiyə səfərləri də bir neçə cəhətdən əlamətdar oldu. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişatı ilə tanışlıq zamanı Ali Baş Komandanımız həm ermənilərə, həm də onların himayədarlarına xatırlatdı ki, biz sülh istəyirik, sülh müqaviləsinin hazırlanmasına tərəfdarıq, amma bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və işğalçı ölkənin bizim ərazi bütövlüyümüzü tanımasından sonra mümkündür: “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq”.
«Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır... Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır»,-deyən dövlət başçımızın həm ölkədaxili, həm də xaricə istənilən səfəri Azərbaycanın gələcəyi ilə bağlı mühüm bəyanatların səsləndirilməsi, proqnozların dilə gətirilməsi və ya perspektivdəki planların ilk müjdəsinin verilməsi baxımından əhəmiyyətli olur və yadda qalır. Yəni ermənilər sülh, sabitlik, əmin-amanlıq və inkişaf istəyirlərsə, onda Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Əks-təqdirdə onlar üçün sülh də olmayacaq, sabitlik də, əmin-amanlıq da. Üstəlik, iqtisadi böhrandan heç zaman xilas ola bilməyəcəklər. Biz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olmuş, itkin düşmüş, ömürlük əlilə çevrilmiş soydaşlarımızın qanının yerdə qalmaması üçün bütöv və qüdrətli Azərbaycan dövləti yaratmalıyıq və yaradırıq. Əgər kimsə bu prosesə mane olmaq istəsə, onda başı üstündə “dəmir yumruğu” görəcək.Ermənistanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaması, təxribatlar törətməsi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin atəş açması rəsmi İrəvanın regionda sabitliyi yenidən pozmağa cəhdi kimi də dəyərləndirlə bilər.
Dövlət başçısı İlham Əliyev qeyd edib ki, bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır: “Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır.”
Müharibədən bir il keçməsinə baxmayaraq Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər hələ bu müharibədən nəticə çıxarmayıblar. İqtisadi çöküş yaşayan, müharibənin fəsadlarını aradan qaldıra bilməyən bu ölkənin absurd fikirləri həqiqətən gülünc doğurur. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, biz müharibə istəmirik. Amma revanşistlər unutmamalıdırlar ki, dəmir yumruq yerindədir. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirən, hərbi qüdrətini daha da gücləndirən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan, ermənilərin revanşist fikirləri, sadəcə, xəyal olaraq qalacaq. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda Ermənistanın mövcudluğu sual altında qalacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB