Batka düz deyir: axı Ermənistan kimin nəyinə lazımdır? SİYASİ RAKURS+AKTUAL

Batka düz deyir: axı Ermənistan kimin nəyinə lazımdır? SİYASİ RAKURS+AKTUAL

Və ya İrəvan ətrafında süni səs-küylər yaradıb təlaşlar keçirərkən, Bakının sakit tərzdə davranmasının sirri

Bu yaxınlarda Belarusun prezidenti Aleksandr Lukaşenkonun Rossiya telekanalına verdiyi müsahibəsi zamanı Ermənistanla Azərbaycanı müqayisə etməsi, daha dəqiq desək, İrəvanı Bakının qarşısında heçə sayması erməni ictimai-siyasi rəyini sözün əsl mənasında yerdən-yerə vurdu. İsterikaya düşən erməni siyasiləri, hakimiyyət nümayəndələri Lukaşenkonun əslində reallığı əks etdirən fikirlərinə qarşı özlərinə məxsus şəkildə donlar geyindirməyə başladılar. Ancaq fakt hər zaman öz faktlığında qalmaqdadır və həqiqətən gerçəklikdən əsla yaxa qurtarmaq mümkün deyil. Batkanın (Belarus xalqının Lukaşenkoya verdiyi psevdonim) həmin fikirlərini isə elə-belə xatırlatmadıq. Yəni bunun da bir əsası, səbəbi vardır...

Əvvəllər prosesi ləngidən, məğlubiyyətini unudaraq “şərtlərlə” çıxış edən Nikol Paşinyan indi niyə bur qədər tələsir və mümkünsüz “şərtlərini” yöndəmsiz təklifləri ilə əvəzləyir?

Son vaxtlar, xüsusilə Brüssel görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın öz fikrini Zəngəzur dəmir yolu üzərində cəmləşdirməsi, hətta bunun üçün sürətli templərlə hökumətdaxili komissiya yaratması, üstəlik fantastik smeta – 200 milyon ABŞ dolları həcmini müəyyən etməsi həm də təəccüb yaratdı. Yəni bir müddət bundan əvvələ qədər erməni baş nazirinin ümumiyyətlə, mövzudan qaçması, sonradan isə ondan ikiəlli yapışması həmin təəccübün yaranmasına səbəb oldu. Artıq Paşinyan Rusiya üzərindən və s. beynəlxalq vasitəçilərin yardımları ilə müxtəlif təkliflərlə çıxışlar edir. Misal üçün, dəmir yolu ilə yanaşı, həm də yolların istifadəyə verilməsi, ardınca isə digər infrastruktur layihələri...

Bu zaman sual yaranır: əvvəllər prosesi ləngidən, məğlubiyyətini unudaraq “şərtlərlə” çıxış edən Nikol Paşinyan indi niyə bur qədər tələsir və mümkünsüz “şərtlərini” yöndəmsiz təklifləri ilə əvəzləyir? Görünür, bunun da səbəbləri var və onları araşdırdıqca maraqlı nüasnları üzə çıxarmaq mümkündür.

Məlumdur ki, dəmir yolu sərhədlərin blokadadan çıxarılması prosesində əsas amillərdəndir və onu da xatırlada bilərik ki, Ermənistan 2021-ci ildə daha əvvəlki inadkarlıqlarının nəticəsiz qalacağını anladıqdan sonra bütün kommunikasiyaların açılmasını təklif edirdi. Lakin indi fərqli fikir nümayiş etdirir – Nikol Paşinyan yalnız dəmir yolu üzərində konsentrə olub, əlavə olaraq isə komissiya yaradıb. Amma unudub ki, əslində sözügedən məsələ ilə üçtərəfli beynəlxalq hüquqi komissiya məşğuldur. Söz yox ki, onun bu addımı da növbəti siyasi boşluğunun isbatı kimi qiymətləndirilə bilər.

Artıq indidən belə bir nəticə çıxarmaq olar ki, Paşinyanın tələskənliyi aşağıdakı məsələlərlə bağlıdır:

- O, razılaşmalar vasitəsi ilə dəmir yolunun gələcək istifadəsində erməni sərhədçilərinin və gömrük işçilərinin dayanmaları formasını əldə etmək, hətta möhkəmləndirmək iddiasındadır.

- Bu məsələdə onun Avropa İttifaqı tərəfindən elə də ciddi hesab edilməyən dəstəyi var.

Azərbaycan tərəfi 44 günlük müharibədəki kimi sərt şəkildə sözügedən “təklifləri” qatlayaraq erməni başbilənlərinin ən yaxşı halda ciblərinə dürtmüşdü!

Ancaq Nikol Paşinyan daha bir həqiqəti unudub ki, onun təkliflərinin keçərsizliyini isbat edən beton kimi faktor mövcuddur – İlham Əliyev qətiyyəti və siyasəti!

Paşinyanın iddialarına cavab gecikmədi və Azərbaycan Prezidenti dərhal bəyan etdi ki, əgər belədirsə, bu zaman Azərbaycanın sərhəd-buraxılış məntəqələri, polisləri və hərbçiləri Laçın dəhlizinə çıxaraq öz postlarını quracaqlar və buna kimsə mane ola bilməyəcək. Üstəlik, indi olmasa belə, qısa zamandan sonra onsuz da Azərbaycan həbrçiləri, polisləri, sərhədçiləri, gömrükçüləri Laçın dəhlizində dayanacaqlar, çünki bu ərazi Azərbaycanın suveren əraziləridir!

Beləliklə, Paşinyan burada siyasi biclik işlətməyə çalışıb. Yəni dəmir yolu planını üçtərəfli komissiyanın gündəmindən çıxarmağa səy göstərib. Belə bir bəyanat səslənmişdi ki, dəmir yolu hissəsi Cənubi Qafqaz Dəmir Yolları tərəfindən işlədiləcək, lakin ermənilərin bu sahədə mütəxəssisləri sadəcə yox səviyyəsindədir.

Ermənistan bu vasitə ilə Azərbaycanla Rusiyanın arasında narazılıqlar yaratmağa da çalışıb. Məsələn, Ukrayna məsələsində Rusiya-Qərb qarşıdurmasının bir qığılcımını da Cənubi Qafqaza salmağa, Bakı-Moskva müasibətlərini soyutmağa cəhd edib. Fəqət, bu plan da baş tutmayıb və Ermənistanın təklifləri elə boş təkliflər olaraq da öz səmərəsizliyini nümayiş etdirir.

Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində isə Ermənistanın təhlükəsizlik şurası “güzgüvari geriçəkilmə prinsipini”, yaxud Alma-Ata Bəyannaməsini ortaya atdı. Həmin Bəyannaməyə görə isə sərhədlərin tanınması Qarabağsız baş verməli idi...

Bugünə qədər bir neçə dəfə həmin “təkliflər” səsləndirilmişdi və Azərbaycan tərəfi 44 günlük müharibədəki kimi sərt şəkildə sözügedən “təklifləri” qatlayaraq erməni başbilənlərinin ən yaxşı halda ciblərinə dürtmüşdü!

Nəticə olaraq Ermənistan Azərbaycanın beynəlxalq hüquqlar çərçivəsində qəbul olunmuş sərhədlərini tanımalıdır!

Daha bir fakt budur ki, ermənilərin mövqeləri boş olması ilə yanaşı, həm də rezlisə üçün münbit deyil, daha dəqiq desək, resurssuzdur. Dalana dirənmiş Ermənistan real, tələb edilən proseslərdən nə qədər yaxa qaçırmağa çalışacaqsa bir o qədər ağır vəziyyətdə düşməli olacaq. Bu gün İrəvan anlamalıdır ki, kommunikkasiya xətlərinin açılması üçün sərhədlər delimitasiya və demarkasiya olunmalıdır, qarşılıqlı qaydada ərazilər tanınmalıdır, sülh müqaviləsi imzalanmalıdır. Nəticə olaraq Ermənistan Azərbaycanın beynəlxalq hüquqlar çərçivəsində qəbul olunmuş sərhədlərini tanımalıdır!

Bu gün Ermənistanın qarşısında yenilməz, güclü və qlobal dünya siasətində ayrıca mövqeyi olan Azərbaycan dövləti dayanıb və son bir ay yarımlıq zaman kəsimində rəsmi Bakı geosiyasi və iqtisadi mənada növbəti iri addımını atması ilə bu reallığl sübuta yetirdi. Nə baş verdi qısa müddətdə?

-Azərbaycan Cənubi Qafqaz regionunun Qərb üçün geosiyasi məkan əhəmiyyətini və vacibliyini əsaslandırdı.

- Bakı Tehran və Aşqabadla strateji xarakterli qaz razılaşmasını əldə etdi.

- Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan sonra Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsini rəsmən qüvvəyə mindirən tarixi sənədə imzalarını atdılar.

Bütün bu kimi proseslər fonunda Ermənistan lazımsız “şərtlər”, yaxud “təkliflər” sırımağa çalışmaqla, ətrafında süni səs-küylər yaratmaqla məşğul olarkən, Azərbaycan özünü təmkinlə, sakit tərzdə apardı və təkcə ay yarımlıq müddətdə yuxarıda qeyd edilən uğurlara imza atdı.

Beləliklə, Bakı uzağı bir neçə dəfə “xəbərdarlıq atəşi” açır, növbəti qərarında isə sadəcə hərəkətə keçir və onun qarşısını heç bir qüvvə ala bilməz.

Hələ də beynəlxalq aləmə ümid göstərən Ermənisyan bunu əvvəl-axır anlamağa məhkumdur. Batka Lukaşenko demişkən, axı Ermənistanın kimin nəyinə lazımdır..?

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə