Faşizm, aqresiyya, soyqırım pislənməlidir - DEPUTAT ŞƏRH ETDİ

Faşizm, aqresiyya, soyqırım pislənməlidir - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı sərəncam əlbəttə, tarixi həqiqəti bir daha yada salır. Eyni zamanda bizim bu 30 il ərzində soyqırım faciəsini unutmadığımızı və bunun bizə verdiyi dərsləri mənimsədiyimizi göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, biz gücsüz vəziyyətə salınanda, siyasi baxımdan mütəşəkkil olmayanda xalqımızın başına nələr gətirilə biləcəyini başa düşdük: “Bu baxımdan müəyyən iğtişaşlar, hakimiyyət üzərində problemlər ortaya çıxır. Bu isə insanların məhvinə, uşaqların qurbana çevrilməsinə səbəb olur. Belə hallarda o ölkəyə, o xalqa faşizmin çox ciddi itkilər verdiyi, problemlər yaratdığına da şahid oluruq. Eyni zamanda Xocalı faciəsi həm də bizə ermənilərin, Ermənistanın heç bir vaxt dostluq etməyəcəyi, imkan tapan kimi hər hansı bir xülya ilə qurduqları tarixə istinadən qonşulardan torpaq, nüfuz, siyasi hakimiyyət “davası” aparacaqlarının dərsini verdi. Bu da əlbəttə, çox böyük faciələr törədə bilər. Təsadüfi deyil ki, hətta ermənilərin fəxr etdikləri ziyalılar iç üzlərini göstərib, Xocalı faciəsinin həyata keçirilməsində yaxından iştirak etdilər. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Hətta Bakı, Quba, Urmiya soyqırımlarını belə heç kim yaddaşlarımızdan silə bilməz. Eyni zamanda bütün bunlar bizi ayıq saxlamaq, düşmənə qarşı mübarizədə lazımi ciddiyət göstərmək üçün lazımdır. Düşünürəm ki, hətta böyük qələbəmizdən sonra belə Xocalı soyqırımının unudulmaması təkcə Azərbaycanın yox, həm də dünyanın xeyrinədir. Faşizm, aqresiyya, soyqırım pislənməlidir. Bunlar tək Azərbaycan üçün deyil, bütün dünya üçün lazımdır. Azərbaycan da dünyanın humanist xalqlarından biridir və belə bir xalqın da öz tarixindəki bu tipli halları unutması mümkün deyil. Bəli, biz vaxtilə unutmuşuq. Mart soyqırımlarını unutmuşuq və onu bir daha yaşamağa məcbur olmuşuq. Buna görə də tarixi unutmaq olmaz”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə