Xocalı soyqırımı bizim qan yaddaşımızdır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev 28 yanvar 2022-ci il tarixində sərəncam imzalamışdır. Bu sərəncamın icrası ilə əlaqədar Prezident Administrasiyasına tapşırılıb ki, Tədbirlər Planı hazırlansın və bu Tədbirlər Planına uyğun olaraq Xocalı soyqırımının 30-cu ildönümü keçirilsin. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, bu günə qədər bu qanlı faciə hər il dövlət səviyyəsində xalqımız tərəfindən anılıb və Xocalı soyqırımının dünyada tanıdılması üçün müvafiq addımlar atılıb: “Bilirsiniz ki, Xocalı soyqırımı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq qanunları kobudcasına pozaraq Xankəndində sovet ordusana məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etmişdir. Təbii ki, Ermənistan tərəfi başqa dövlətlərin ərazisi hesabına öz dövlət ərazisini genişləndirmək, dinc əhaliyə qarşı qəddarlıq göstərmək və digər ərazilərdə yaşayanlara qorxu hissi yaratmaq məqsədi ilə bu cür insanlığa sığmayan bir qətliam törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər məhz azərbaycanlı olduğuna görə vəhşicəsinə qətlə yetirildi. Qətlə yetirilənlərin 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 487 nəfər ağır yaralanmış, 1270 nəfər girov götürülmüşdür. Həmin ərazilər yerlə yeksan edildi. Yəni dünyada görünməyən bir faciə yaşandı. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanis Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel faciəsi, ümumiyyətlə birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalı zamanı 20 min vətəndaşımız qəddarlıqla qətlə yetirilmişdir. Bu cür vəhşiliklə Azərbaycan üz-üzə qaldı. Bu işğal ərəfəsində BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi. Bu qətnamələrdə göstərilirdi ki, işğal olunmuş ərazilər qeyri-şərtsiz qaytarılsın və köçkün düşmüş vətəndaşlarımız öz torpaqlarına geri dönsün. Əfsuslar olsun ki, Ermənistan tərəf bunlara məhəl qoymadılar, əksinə yeraltı, yerüstü sərvətlərimizi talan etdilər, qeyri-qanuni məskunlaşmalar həyata keçirmişdir. Sonrakı sülh danışıqları da heç bir nəticə vermədi.
Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasəti davam etdirən cənab Prezidentin mütəşəkkil qaydada apardığı uğurlu daxili-xarici siyasət hesabına, ordumuzun modernləşməsi hesabına hazırlıq işləri aparıldı və 2020-ci il sentyabır ayının 27-də erməni tərəfinin həmlələrinin qarşısını almaq üçün əks hücuma keçildi.
44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Soyqırım zamanı və Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın, millətimizin qanı yerdə qalmadı. Ərazi bütövlüyümüzü təmin etdik. Amma ərazi bütövlüyümüzü təmin etsək də ermənilərin xalqımıza yaşatdığı faciələri gələcək nəsillərə çatdırmaq, onları yaddaşımızda saxlamaq, unutmamaq üçün hər il dövlət səviyyəsində anım tədbirlərini qeyd edirik. Xocalı soyqırımının beynəlxalq aləmdə, dünya dövlətləri arasında tanınması üçün nüəyyən tədbirlər həyata keçirilmiş və 2008-ci ildən bu günə qədər “Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş vüsət almışdır. Bu kampaniya çərçivəsində erməni vəhşiliyi bir daha dünya ictimaiyyətinə çatdırılmış və nəticə olaraq artıq bir çox dövlətlər Xocalı soyqırımına beynəlxalq siyasi qiymət vermişlər. Bu bizim üçün təbii ki, yetərli deyil. Xocalı soyqırımına hüquqi qiymətin verilməsi daha yaxşı olardı və soyqırımı törədənlər öz layiqli cəzalarını almalıdır.
Qeyd edim ki, 44 günlük müharibə zamanı Gəncə şəhərində və digər rayonlarımızda böyük dağıntılar baş vermişdir. Gəncə şəhərinə 13 raket atılmış və bunlardan 8-i partlayaraq böyük faciələr yaratmış, neçə şəhid vermişdik. Cənab Prezident Gəncəyə səfəri zamanı həmin dağıntıların qalması şərti ilə Memorial Kompleksin təməlini qoydu. Prezident bu səfər zamanını vurğulamışdır ki, nə qədər sülh sazişi bağlansa da, ərazi bütövlüyümüz tanınsa da biz bu erməni vəhşiliklərini unutmamalıyıq. Bu bizim qan yaddaşımızdır. Gələcək nəsillər də bu hadisələr haqda ətraflı məlumat almalıdırlar. Bunun müqabilində də uşaqlarımız, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə edilməlidir. Bu istiqamətdə dövlətimizin uğurlu siyasəti davam edir və nəticəsini biz 44 günlük Vətən müharibəsində görmüşük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB