Dövlət başçısının Sərəncamı ilə xüsusi fərqlənən gənclərə Prezident mükafatları veriləcək
Müasir Azərbaycan gəncliyi yaşadığımız zamanın ən məsuliyyətli bir dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə inkişafda olduğu bir zamanda müasir zamanın çağırışlarına cavab vermək əlbəttə ki, gənclərdən böyük məsuliyyət tələb edir. Azərbaycan bayrağına bağlı olan gənclik respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirak edir və hər bir sahədə izi, əməlləri görünür. Demək, işıqlı sabahımızın gəncliyi fəal gənclikdir, yeniliyə meyil edən gənclikdir. Əlbəttə ki, müasir gəncliyin dövlətin diqqət və qayğısı ilə əhatə olunması onların bütün potensialarından düzgün istiqamətdə istifadəsinə imkanlar açır. Prezident İlham Əliyevin son 18 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstəriş və sərəncamlar sözügedən təbəqənin öz üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməsinə əhəmiyyətli təsir göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamı gənclərin fəallığının artırılmasında xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən on gəncə Prezident mükafatları veriləcək. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə verilir. Yeri gəlmişkən onu da bildirək ki, 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı" və "Qızıl kitab"a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Təbii ki, müasir dövrümüzün tələbləri nəzərə alınaraq dövlətin gənclərə diqqət və qayğısı da artır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı gənclərin qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması və s. istiqamətində tədbirlər həyata keçirilir. Təbii ki, gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdır.
Cəmiyyətin aparıcı qüvvəsi olan gənclik daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində sağlam bir gənclik yetişib. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin daha bir ifadəsidir. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi gənclərə olan qayğının bariz nümunəsidir.
Azərbaycan gəncliyi Dövlət Proqramlarının davamı olaraq ölkə başçısının 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq etdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarətdir. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Bu gün təqdirəlayiq hal isə odur ki, gənclər də dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını, onlara olan etimadı yüksək qiymətləndirərək var qüvvələri ilə çalışır, ölkənin inkişafı naminə öz töhfələrini verirlər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB