Ermənistanda anti-Rusiya etirazları şiddətlənir ANALİTİK

Ermənistanda anti-Rusiya etirazları şiddətlənir ANALİTİK

Erməni KİV-ləri Kremlə qarşı antipatiyalarını açıq ifadə edirlər

Ermənistanda mövcud siyasi böhran və böhran daxilində cərəyan edən çoxsaylı daxili qarşıdurma və ziddiyyərlər get-gedə şiddətli hala keçir. Artıq kifayət qədər məlumdur ki, ölkənin hazırkı hakimiyyəti “Qərbin uşaqları” kontekstində təqdim olunur və o da maraqlıdır ki, Nikol Paşinyan hökumətinin “məxməri inqilab” vasitəsi ilə iqtidara yiyələnməsinin də kökündə anti-Rusiya şüarları dayanırdı. Məhz bu vasitə ilə devrilmiş Serj Sarqsyan hakimiyyətinin belə vəziyyətə düşməsinin də əsas səbəblərindən biri Ermənistanın Rusiyanın qeyri-rəsmi quberniyasına çevrilməsi faktı oldu.

Beləliklə, qərbyönümlü Paşinyan siyasi çevrəsi hakimiyyəti ələ keçirər-keçirməz dərhal Kreml əleyhinə sərt, hətta təhqirlər dolu fikirlər, bəyanatlar çoxalmağa başladı. Açığını desək, bu kimi məsələlərdə günahı yalnız Paşinyanın üzərinə yıxmaq da doğru olmazdı. Belə ki, bu gün Ermənistanın baş nazirini xəyanətkar adlandıranların bir çoxu “məxməri inqilab” zamanı onun dəstəkçiləri sırasında yer alırdılar.

Müharibədə ağır məğlubiyyətlərinə görə Kremli hədəfə alan ermənilər Gümrüdə bir iki yaşayış binasının tikilməsi ilə Rusiyanın bütün “günahlarını” bağışlayacaqmışlar (?!)

Nəticədə, Ermənistanda anti-Rusiya meyillərinin artması növbəti faktları ortaya çıxarmağa başlayıb. Daha doğrusu, bu reallıq erməni KİV-lərində də get-gedə çoxalmaqdadır. Ölkənin tanınmış Armenianreport saytının siyasi analitki Tevos Arşakyanın “Şirakda Rusiya apreli” sərlövhəli məqaləsində isə qeyd edilir ki, Rusiya 44 günlük müharibədə Ermənistana lazımi dəstəyi göstərmədiyinə görə, indi öz “günahlarını” müxtəlif üsullarla yumalıymış. Əslində, bu məqamda açıq-aşkar erməni xislətinin bariz həyasızlıq nüunəsini görməmək olmur. Baxaq-görək nə yazır erməni siyasi analitiki.

SİTAT: “Rusiya öz günahını vacib addım atmaqla - zəlzələdən əziyyət çəkmiş gümrülülərə bir, ya da iki yaşayış binası inşa etməsi ilə yuya bilər” (?!). Təsəvvürünüzə gətirirsinizmi? Müharibədə ağır məğlubiyyətə uğramış ermənilər bir iki yaşayış binasının tikilməsi ilə Rusiyanın bütün “günahlarını” bağışlayacaqmışlar! Halbuki, Rusiya hələ müharibə dövründə rəsmi şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində müharibə aparır və heç bir halda bu savaşa müdaxilə etməyə hüququ yoxdur. Bu, öz yerində...

Erməni KİV-i: “Ruslara yarınmaq marağı düşüncə və şəxsi ləyaqətdən daha üstün oldu”

Amma gəlin keçək digər mətləblərə. Tevos Arşakyan özünün anti-Rusiya xarakterli məqaləsində xüsusilə xatırladır ki, aprelin 3-də Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. SİTAT: “Görünən budur ki, ölkədə öz həll saatlarını gözləyən nəhəng problemlərin sayı tükənməz dərəcədədir, minlərlə ailələr yaxınlarda baş vermiş müharibədə itirdikləri qohumlarının, əzizlərinin matəmlərini saxlayırlar, bütün Ermənistan daxili siyasi və sosial-iqtisadi turbulentlikdə (boşluqda-R.R.) qalır, eləcə də bizim cəmiyyətdə son dövrlərdə Rusiyaya qarşı (konkrert olaraq 2016-cı ilin aprel müharibəsindən sonra-T.A) get-gedə pisləşir - belə bir kəskin neqativ fonda mövcud tarixlə bağlı təntənəli tədbirlərin keçirilməsini təxirə salmaq lazımdır. Lakin belə olmadı, ruslara yarınmaq marağı düşüncə və şəxsi ləyaqətdən daha üstün oldu”.

Ermənistan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü erməniləri niyə qıcıqlandırır?

Bu ifadələrdən belə bir nəticə hasil etmək olar. Demək, 30 il boyunca Rusiya Ermənistanı bəslədi, ayaqda saxladı, üstəlik, onu da etiraf edək ki, Qarabağın işğalı dövründəki prosesdə də bu və ya digər şəkildə dəstəyini əsirgəmədi, silahlandırdı, iqtisadiyyatının tərkib hissəsi kimi tamamilə çökməsinə imkan vermədi və s. Bütün bunlardan sonra beynəlxalq qanun və hüquqlar çərçivəsində Azərbaycan dövlətinin və xalqının qətiyyəti öz sözünü dedi, Qarabağ torpaqları azad olundu. Hətta regionun aparıcı gücü sayılan Rusiya belə Azərbaycanın qətiyyəti qarşısında dayanmadı və nəticədə Rusiyanın geriyə çəkilməsi bu gün Ermənistanda anti-Rusiya təlatümlərini artırır, ölkənin pis-yaxşı ayaqda qalmasında Rusiyanın dəstəyi isə artıq zibil yeşiyinə atılır...

Erməni siyasi analitki davam edir: “Bugünlərdə Şirakın vilayət administrasiyası erməni-rus diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibəti ilə bir sıra tədbirlərə hazırlaşır. Bu haqda Şiraka səfər edən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə vilayətin qubernatoru Nazeli Baqdasaryan deyib.

Sonuncu əsasən deyib ki, Rusiyanın hərbi bazasında Açıq qapı günü keçiriləcək, vilayətin bütün məntəqələrindəki icmaların mədəniyyət tədbirlərinin keçirilməsi planlaşdırılır, muzeylərdə rusdilli ekskursiyalar təşkil ediləcək, Açemyan adına dram teatrında rus dilində səhnə qoyulacaq, Gümrüdə erməni-rus dostluğundan bəhs edən xiyaban salınacaq, Artik şəhərində isə dövlət vəsaitləri hesabına Qaqarin adına xiyaban qurulacaq. Belə böyük tədbirlər silsiləsinə Rusiyaya loyal olan belaruslar belə qibtə edə bilərlər. Lakin bizim hakimiyyət rus sapoqunu (çəkməsini-R.R.) daha sulu şəkildə yalamağa səy göstərirlər və bununla da planetdə hər kəsdən öndə oldular”.

Beləliklə, bütün bunları öz təbirincə hədəfə alan erməni siyasi analitiki və yazarı qeyd edir ki, 30 illiklə bağlı tədbirlər az qala dövlət əhəmiyyətli tədbir kimi keçirilir və bu dərəcədə Rusiyaya bağlılıq Ermənistanı daha ağır uçurumlara doğru sürükləyir.

Tevos Arşakyan: “Yadınızdadırmı rusların Gümrüdəki hərbi baza komandanlığı rus hərbçisi Valeri Premyakovun hərbi hissənin ərazisində erməni ailəsini qətlə yetirdiyinə görə erməni vəkillərini və hüquq müdafiəçilərini həmin əraziyə buraxmırdı?”

Yeri gəlmişkən, Arşakyan bu xüsusda illər əvvəl, hələ Serj Sarqsyanın prezidentliyi dövründə Gümrüdə baş vermiş qətliam olayını xatırladıb. SİTAT: “Yadınızdadırmı rusların Gümrüdəki hərbi baza komandanlığı rus hərbçisi Valeri Premyakovun hərbi hissənin ərazisində erməni ailəsini qətlə yetirdiyinə görə erməni vəkillərini və hüquq müdafiəçilərini həmin əraziyə buraxmırdı? Guya ora Rusiyanın suveren ərazisidir və erməni qanunları qüvvədə deyil. Baxmayaraq ki, baza bizim torpaqdadır və erməni dövlət büdcəsindən maliyyələşdirilir. İndi isə orada Açıq qapı günü keçirilir – hörmətli ermənilər buyurun-gəlin, xoş gəlirsiniz. Maraqlıdır, hansı gümrülü Avetisyan ailəsinin faciəsini unudaraq Açıq qapı günü suşki və bulka yemək üçün rus hərbi bazasını ziyarət edəcək?”, deyə erməni müəllifi anti-Rusiya xarakterli məqaləsində yazır.

Bir tərəfdən Rusiyanı ittiham edir, hədəfə alır, hətta təhqir edir, digər tərəfdən isə rusların Gümrüdə zəlzələdən zərər çəkmiş və bu günə qədər keçən 34 ildə vaqonlarda yaşayan ermənilər üçün binaların inşasını tələb edir

Yazının əvvəlində də qeyd etdiyi və üzərindən 34 il keçən dağıdıcı zəlzələni xatırladan erməni siyasi yazarı tədbirlərin keçirilməsinin yerinə hələ də vaqonlarda yaşayan Gümrü əhalisi üçün beşmərtəbəli binaların tikilməsini istəyir, özü də Rusiya tərəfindən! Baxın, bir tərəfdən Rusiyanı ittiham edir, hədəfə alır, hətta təhqir edir, digər tərəfdən isə rusların Gümrüdə zəlzələdən zərər çəkmiş və bugünə qədər keçən 34 ildə vaqonlarda yaşayan ermənilər üçün binaların inşasını tələb edir. Üstəlik, sonda onu da iddia edir ki, artıq Kremldən nə isə gözləməyə dəyməz...

Bütün bu kimi faktlar isə bir daha sübut edir ki, Ermənistan cəmiyyətində kəskin anti-Rusiya xarakterli antipatiya hissləri alovlanır və nəticədə günahı da özlərində deyil, başqalarında axtaran ermənilər unudurlar ki, məhz rusların sayəsində onların saxta dövlətçilikləri bugünə qədər mövcudluğunu qoruyub-saxlayıb. Ancaq belə görünür ki, Rusiya Ermənistanda qalmaqda davam edəcək və həmin reallıq Kremlin İrəvan üzərindəki diktəsini dərinləşdirəcək. Hətta belə davam edərsə, Ermənistanın çox yaxın illərdə müstəqilk ölkə kimi regionda qala bilməsi ehtimalı da tükənəcək. Hər halda rus ayısı da öz işini görür və hadisələr də buna doğru inkişaf edir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə