“3+3” formatı regionda hansı yeniliklərə gətirib çıxaracaq? - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

"Türkiyə və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə artıq müzakirəsi gedən “3+3” formatı təbii ki, ilk növbədə sülhün daha da möhkəmlənməsinə, eyni zamanda bu ölkələrin iqtisadiyyatının daha da dirçəlməsinə kömək edəcək". Bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, sülh və iqtisadiyyat birlikdə davam edib inkişaf etdikdə, təbii ki, ölkələrin və eyni zamanda orada yaşayan xalqların maddi rifahı, sosial vəziyyəti yaxşılaşacaq. Ümid olunur ki, bu formatda hələlik tam iştirakı reallaşmayan tərəflərin də iştirakına nail ola biləcəyik. Burada söhbət Gürcüstandan gedir. Məlum olduğu kimi Gürcüstan Rusiya faktoruna görə formatda tam iştirak etməkdən çəkinir. Əlbəttə ki, Gürcüstanın bu formatda iştirakı üçün müəyyən danışıqlar gedir. Amma önəmlisi odur ki, güclü və Azərbaycana qonşu olan dövlətlər - İran və Rusiyanın da bu təşəbbüsə qoşulması hesab edirəm ki, digər kiçik dövlətlərə müəyyən qədər təsir edəcək.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Formatın müzakirəsinin getdiyi bir vaxtda qonşu dövlətlərin rəsmi nümayəndələrinin də Azərbaycana səfəri, iki gün öncə İranın yollar və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfəri, Zəngəzur dəhlizi ilə tanışlığı, Azərbaycan-İran arasında körpünün açılışı ilə bağlı atılan addımlar belə hesab edirəm ki, artıq “3+3” formatında iştirak edən dövlətlərin böyük əksəriyyəti arasında 44 günlük müharibə və ondan sonrakı dövrdə yaranmış müəyyən narazılıqların aradan qaldırılmasına işartıdır. İran təbii ki, qonşu dövlətdir və onun Azərbaycana qarşı ədalətli mövqe tutmasını istəyirik. İrandan qonşuluq prinsiplərinə əməl etməsini və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini istəyirik. Rusiya da Azərbaycanın tam ərazi bütövlüyünü dəstəkləyir. İqtisadi əlaqələrimiz həm Rusiya, həm də İranla olduqca yaxşıdır. Bu formatın inkişafı ölkəmizdə və regionda sülhə xidmət etməklə bərabər 6 dövlətin iqtisadiyyatının birdən-birə inkişafına gətirib çıxaracaq. Çünki bu formatda əlaqələr yalnız bəzi dövlətlərin, tutaq ki, Türkiyənin, İranın Rusiyaya çıxışı deyil, həm də Rusiyanın bu ölkələr vasitəsi ilə ərəb yarımadasına və Avropaya çıxışıdır. Yəni "3+3" formatı tərəflərin bir-biri ilə həm Avropa, həm də ərəb yarımadası, Çin, hətta uzaq Yaponiya yarımadasına gedib-çıxa biləcəyi bir layihədir. Bu baxımdan hesab edirəm ki, “3+3” formatının reallaşmasında Azərbaycan öz üzərinə düşən öhdəliyi həmişə olduğu kimi layiqincə yerinə yetirəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...