Rusiyanın 102-ci bazasının taleyi həll olunur? İDDİA

Ermənistanda hərbi bazanın çıxarılması ətrafında fikirlər yayılmağa başladı

“Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesinə başlanılıb”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb və qeyd edib ki, artıq Yanvarın 14-də Moskvada iki ölkənin xüsusi nümayəndələrinin görüşləri start götürüldükdən sonra sərhədlərin açılmasını ehtimal edən proses start götürüb.

Erməni nəşri qeyd edir ki, KİV-lərdə və ekspert dairələrində sözügedən mövzu ilə bağlı Türkiyə sərhədləri yaxınlığında yerləşən, həmçinin sərhədləri mühafizə edən Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının gələcəyi ilə bağlı suallar yaranmağa başlayıb.

Hakim partiya yayılan informasiyanı necə pərdələyir?

“Joğovurd” Ermənistanın Şirak vilayətindəki etibarlı və ciddi mənbəsinə istinadən təlaşla yazır ki, əgər erməni-türk münasibətləri normallaşmağa doğru hamar şəkildə gedəcəksə bu zaman 102-ci bazanın mövcudluğu, sadəcə, lazımsız olacaq.

Bununla yanaşı, erməni nəşri yazdığı bu məlumata şübhə ilə yanaşır və xatırladır ki, Rusiyanın Ermənistandakı hərbi bazası 2010 və 2016-cı ildə bağlanmış müqaviləyə əsasən, 2044-cü ilə qədər orada qalacaq.

“Od olmasa, tüstü çıxmaz” misalı

Maraqlıdır ki, sözügedən məlumat ictimailəşəndən dərhal sonra hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan jurnalistlərlə söhbətində bildirib ki, belə bir məsələ gündəmdə yoxdur. “Ermənistan və Rusiya strateji partnyorlardır. Hazırkı məqamda Ermənistanla Türkiyə arasında dialoq başlayıb. Bu dialoq yenicə başlayıb”, deyə o bildirib və əlavə edib ki, hazırda belə informasiyanın yayılması üçün əsas yoxdur.

“Belə də ki, burada nəyi isə şərh etməyə də heç nə yoxdur. Bizim fəaliyyətimizdə bazanın çıxarılması söhbəti yoxdur”, deyən Ovannisyan görünür bir misalı unudub. Necə deyərlər, “Od olmasa, tüstü çıxmaz”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə