20 Yanvar müstəqilliyə gedən yolda yeni mərhələnin başlanğıcı oldu
Bu il Qan yaddaşımız olan, tarixə Qanlı Yanvar kimi düşmüş 20 Yanvar faciəsinin 32-ci il dönümüdür. Demək olar ki, bu faciə keçən əsrin ikinci yarısında xalqımızın başına gətirilmiş ən böyük faciə və hərbi-siyasi cinayətlərdən biridir. Heç şübhəsiz ki, 20 Yanvar faciəsi bir mənəvi terror kimi bəşər tarixində sovet imperiyasının Azərbaycan xalqının simasında günahsız insanlara və insanlığa qarşı məqsədyönlü şəkildə planlaşdırdığı və həyata keçirdiyi ən müdhiş faciələrdən hesab olunur.
Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2019-cu il tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” adlı Sərəncamda bu haqda belə qeyd olunur: “Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü”.
Əlbəttə, bu qanlı tarix Azərbaycan xalqı üçün böyük faciə olmaqla bərabər, eyni zamanda ölkəmizin müstəqilliyə gedən yolunda yeni bir mərhələnin, dönüş nöqtəsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Məhz buna görə də, 20 Yanvar faciəsi Azərbaycan tarixində həm Ümumxalq Hüzn Günü, həm də müstəqilliyin, milli istiqlalın əldə olunması istiqamətində xalqımızın apardığı əzmkar milli azadlıq hərəkatının genişlənməsində, təşkilatlanmasında bir kulminasiya nöqtəsi kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. Həmin dövr hadisələrindən otuz ildən artıq müddət keçməsinə baxmayaraq, xalqımız günahsız, silahsız, əliyalın soydaşlarımızın başına gətirilən ağır müsibətləri bu gün də unutmur, onların xatirəsini daima əziz tutur, ehtiramla yanaşır.
Təsadüfi deyil ki, “1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.
Həmin dövr hadisələrini Xalq şairi Qabil bədii dildə belə ümumiləşdirmişdir:
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbü bala düzləridir düzlərimiz,
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər.
Demək olar ki, bu faciədən sonra imperiyanın Azərbaycandakı dayaqları zəifləməyə, dağılmağa başladı. Bununla bərabər, 20 Yanvar tarixi xalqımızın tarixində milli istiqlal, azadlıq
uğrunda, milli-mənəvi birlik, milli ideologiya uğrunda bir şanlı mübarizə tarixi kimi yaddaşlara həkk olundu. Həmin günlər soydaşlarımızın günahsız yerə axıdılan, tökülən qanları sonralar torpağa səpilmiş azadlıq toxumları kimi cücərməyə başadı. Nəhayət, milli istiqlal uğrunda yaranmış birliyimiz müstəqilliyimizin əldə olunmasında, onun qorunub saxlanılmasında böyük pay sahibi oldu.
Çox şükür ki, birliyimiz, inamımız öz gücünü növbəti dəfə Vətən müharibəsində də göstərdi. Xalq, ordu, dövlət birliyi sayəsində şanlı ordumuz işğal altında olan torpaqlarımızı işğaldan azad elədi.
20 Yanvar şəhidlərinin simasında Vətən torpağı uğrunda canından keçmiş, şəhid olmuş soydaşlarımızı hörmət və ehtiramla anır, onların ölməz ruhu qarşısında baş əyiririk!
Vahid Dumanoğlu
Xəzər rayonu, 323 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB