“Laçın istiqamətində postlarımız olmalıdır ki, qanunsuzluqların qarşısı alınsın” -POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

“Qanunsuz səfərlərin qarşısının alınmasının yolunu dövlət başçısı cənab İlham Əliyev bu günlərdə yerli KİV-ə müsahibəsi zamanı bildirdi. Cənab Prezident qeyd etdi ki, əgər Azərbaycan tərəfi bilsə ki, Fransa prezidentliyinə namizəd maşınla qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olur, o maşın saxlanılacaqdır. Ölkə rəhbəri onu da dedi ki, Azərbaycana heç nə mane ola bilməz ki, Laçın istiqamətində maşınları saxlamaya, yoxlamaya. Bəli, biz bu siyasəti yürütməliyik.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, bu cür qanunsuzluqların qarşısının alınmasının yeganə yolu Laçın dəhlizi istiqamətində postlar qurub maşınları yoxlamaqdır, bilək kim keçir, nə keçirir, hansı qanunsuzluqlar baş verir.

“Beynəlxalq aləmdə təkrarlanan qanunsuzluqlara gəlincə, biz bu məsələni hər zaman qabartmalıyıq. Beynəlxalq aləmdən də tələb edilməlidir ki, hüquqi qiymət versinlər. Amma o da reallıqdır ki, indi Fransa prezident seçkilərinə hazırlaşır, aprel ayında bu ölkədə seçkilər keçiriləcək. Namizədlər də erməni lobbisinin səsini qazanmaq üçün bu cür gedişlər edirlər, Azərbaycan sərhəddini qanunsuz pozurlar, Azərbaycan əleyhinə açıqlamalar verirlər. Bu onların biləcəyi işdir. Biz bu ikiüzlülüyə çoxdan öyrəşmişik, amma bizim ərazimizdə bu cür qanunsuzluqlara biz gərək imkan verməyək. Cənab Prezidentin dediyini bu il biz reallaşdırmalıyıq. Yəni, Laçın istiqamətində postlarımız olmalıdır ki, bu qanunsuzluqların qarşısını alaq”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə