20 Yanvar şəhidlərinin xatirəsi Pakistanda da anılıb

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı, bu ölkənin SZABİST Universiteti və Regionşünaslıq İnstitutunun həmkarlığı ilə 20 Yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar 1990 – Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlı seminar keçirilib.

SIA xəbər verir ki, seminarda səfirliyin əməkdaşları, universitet rəhbərliyi və tələbələr, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin Pakistandakı səfir Xəzər Fərhadov 20 Yanvar tarixinin Azərbaycan xalqının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin simvolu olduğunu bildirib.

Səfir erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri, sabiq SSRİ lideri Mixail Qorbaçovun Azərbaycana qarşı yürütdüyü ermənipərəst siyasət, Sovet İttifaqının liderinin qərəzli siyasətindən istifadə edən ermənilərin Azərbaycana qarşı məkrli siyasətlərini həyata keçirdikləri barədə məlumat verib. X.Fərhadov Azərbaycan xalqının öz doğma torpaqlarını və hüquqlarını qorumaq üçün azadlıq hərəkatına başladığını xüsusilə vurğulayıb.

Diplomat ozamankı mərkəzi hökumətin bu azadlıq hərəkatını yatırtmaq üçün fövqəladə vəziyyət elan etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı hərbi əməliyyatlara başladığını, bunun nəticəsində 147 azərbaycanlının qəddarcasına qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığını və insanlığa qarşı cinayətlərin törədildiyini vurğulayıb. Səfir azərbaycanlıların öz ərazi bütövlüklərini qorumaqda qərarlı olduqlarını və milli azadlıqları üçün özlərini qurban verdiklərini iştirakçıların diqqətinə çatdırıb.

X.Fərhadov Azərbaycan xalqının o çətin günündə ölkəmizin ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızla birlik nümayiş etdirdiyini, bu faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirərək SSRİ rəhbərliyinin məkrli niyyətlərini ifşa etdiyini vurğulayıb. Səfir məhz xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ulu Öndərin birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini bildirib.

O həmçinin Azərbaycan xalqının hərbi, mənəvi və siyasi təcavüzlərə məruz qalmasına baxmayaraq tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxladığını və öz həyatı bahasına vətənlərinin azadlığı və müstəqilliyi uğrunda ən qəddar hücumlara belə müqavimət göstərdiklərini ifadə edib.

Səfir Azərbaycan və Pakistan münasibətlərinə də toxunub və ölkələrinin müstəqilliyi uğrunda canından keçmiş şəhidləri ehtiramla yad edib.

Tədbirdə çıxış edən SZABİST Universitetinin İslamabad kampusunun rəhbəri Xuşro Pərviz Xan, bu universitetin professoru Taraq Vahid və Regionşünaslıq İnstitutunun prezidenti Nadim Riyaz Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətindən söhbət açıblar. Hər bir ölkənin tarixində belə şanlı səhifələrin olduğunu ifadə edərək 20 Yanvarın Azərbaycanın tarixində dönüş nöqtəsi olmasından bəhs ediblər. Onlar ölkələrinin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin həmişə uca tutularaq hörmətlə yad ediləcəyini bildiriblər.

Tədbirin sonunda 20 Yanvar hadisələri və Azərbaycan – Pakistan əlaqələrinə dair iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar yayılıb, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...