20 Yanvar - Azərbaycanın qəhrəmanlıq tarixi FOTOLAR

YAP Nəsimi rayon təşkilatı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu deyib: "Həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilməyib".

A.Süleymanov bildirib ki, 1990-cı il 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyil. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı müstəqillik mübarizəsinin nəticəsidir. Odur ki, Sovet imperiyası Azərbaycan xalqının müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu.

"Hər kəs Sovet rejiminin Azərbaycan xalqına qarşı ədalətsiz qərarına qarşı çıxdı. O gecə Azərbaycan xalqı dünya tarixinə qəhrəmanlıq səhifəsini yazdı. Azərbaycan xalqı bütün dünyanın çəkindiyi Sovet ordusunun qarşısında əliyalın qəhrəmanlıq göstərdi. Öz azadlığına qovuşmaq üçün öz fəryadını dünyaya çatdırdı", - deyə A.Süleymanov diqqətə çatdırıb.

Bildirib ki, 20 Yanvar faciəsi minilliklər keçsə də Azərbaycan xalqının yaddaşından silinməyəcək, şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunacaq.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim əziz tutulduğunu xatırladan təşkilat sədri deyib ki, şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir.

Mənzil İnşaatı Dövlət Agentliyinin üzrə ərazi ilk partiya təşkilatının sədr müavini Rauf Əliyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının bütün dünyaya qəhrəmanlığını, rəşadətini göstərdiyi gündür. Buna görə biz böyük qürur hissi keçiririk. Azərbaycanın bütün regionlarından insanlar axın-axın gəlib şəhidləri ziyarət edir, öz ehtiramlarını bildirirlər.

20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev bildirib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına əbədi həkk edilib. Azərbaycan çoxlu şəhid verdi. Lakin bu gün tariximizə həm də qızıl hərflərlə ona görə yazılıb ki, biz öz müstəqilliyimizi və azadlığımızı nümayiş etdirdik. Bu il həmin faciənin 32 illiyidir. Biz bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, analarımız daha ağlamasın, şəhid verməyək. Sonda Nəsimi rayonu ərazisində yaşayan şəhid ailələri və əlillərə sovqatlar təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...