“Qazaxstan prezidenti Tokayev Qazaxstanın maraqlarını qurban verməyəcək“

“Qazaxstanda baş verən hadisələrin kökündə çox ciddi məsələlər dayanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, qanlı hadisələrdə müəyyən siyasi qüvvələr arasında narazılıqların olduğu açıq ortada idi və bu narazılıqlardan istifadə etmək istəyənlər var idi: “Çox təəssüflər olsun ki, Qazaxıstan cəmiyyətindəki bəzi qüvvələr belə hallarda daha ayıq-sayıq olmaq, daha düşüncəli davranmaq əvəzinə səhlənkarlıq etdilər, belə bir problemin yaranacağını dərk etmədilər. Bunun nəticəsində özləri də bilmədən ölkədəki bir sıra siyasi məqsəd güdən kriminal qüvvələrin, o cümlədən kənar qüvvələrin əlində vasitəyə çevrildilər. Bunu da kənar qüvvələr çox məharətlə istifadə etdilər. Sözsüz ki, bura söhbət məhz KTMT qüvvələrinin Qazaxstana yeridilməsindən gedir. Amma çox sevindirici haldır ki, həmin qüvvələr artıq Qazaxstanı tərk etməyə başlayıblar. Qazaxstan prezidenti Tokayev Qazaxstanın maraqlarını qurban verməyəcək. Həm milli ruhlu qüvvələrlə, həm də qərb və inteqrasiya kontekstinə meyillənən və iş aparan qüvvələrlə ümumi ortaq məxrəcə gələcək. Onu da qeyd edim ki, Türk Dövlətləri İttifaqının xüsusi yığıncağında prezident Tokayevi dəstəkləyən bəyanat qəbul olundu. Eyni zamanda Türk Dövlətləri İttifaqı Qazaxstana istənilən yardımı göstərməyə hazır olduğunu bildirdilər. Düşünürəm ki, artıq Qazaxstanda həyat yenidən öc məcrasına qayıdır. Təssüflər olsun ki, Qazaxstanın tərkibindəki sosial-siyasi baxımından yetkin olmayan qüvvələr bilmədən ölkəyə yad qüvvələrin girməsinə səbəb oldular. Bu bütün cəmiyyətlər üçün böyük bir dərs olmalıdır. Ümumilikdə çox sevindiricidir ki, bu məsələ tez bir zamanda öz həllini tapdı”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə