DAVAMLI MODERNLƏŞMƏYƏ VƏ SOSİAL RİFAHA XİDMƏT EDƏN İSLAHATLARIN MÜƏLLİFİ TƏHLİL
Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamları bu yöndə aparılan ardıcıl sosial islahatların növbəti mərhələsinin vacib məqamları kimi tarixə düşəcək
Ölkəmizdə hər zaman vətəndaşların sosial qayğıları, zəruri ehtiyacları dövlətin diqqət mərkəzindədir. Dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində məhz hər bir Azərbaycan vətəndaşının rifahı prioritet təşkil edir. Bu mənada Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.
BÖHRAN ŞƏRAİTİNDƏ ƏN BÖYÜK İQTİSADİ DƏSTƏK PROQRAMI
Son 18 ildə Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti göz önündədir. Bu gün Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Son 18 il ərzində, yəni 2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də bunu göstərir. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının getdikcə artırılması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Həmçinin, bütün dünyanı ağuşuna alan pandemiya ilə mübarizə zamanı Prezident İlham Əliyev dünya iqtisadiyyatının tənəzzülü dövründə də xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. Böhran şəraitində əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əməkhaqları və pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda və bölgələrdə müasir sosial infrastrukturun yaradılması prioritet olaraq qaldı. Heç bir sosial layihə təxirə salınmadı. Maliyyə həcmi 3 milyard manat olan bu sənəd müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırıldı. Prezidentin ən böyük sosial-iqtisadi paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramlarına əsasən, karantin dövründə əhalinin sosial müdafiəsinin təminatı sahəsində mühüm addımlar atıldı. Məhz bu proqramlarda nəzərdə tutulan məşğulluq və sosial rifaha dəstək tədbirləri 5 milyon nəfəri əhatə etdi. Dövlət sektorunda çalışan 900 min nəfərin, özəl sekorda isə 760 min nəfərin iş yeri və əməkhaqları qorundu. Sahibkarlıq subyektlərinə böyük güzəştlər edildi. İşsiz vətəndaşlara hər ay ödənilən 190 manatlıq birdəfəlik müavinətlər, ümumilikdə, 333 milyon manat təşkil etdi. 85 min ailəyə, aylıq orta məbləği 225 manat olmaqla ünvanlı sosial yardım verildi. Beləliklə, iqtisadiyyatdakı tənəzzülə baxmayaraq, cənab İlham Əliyevin təxirə salmadan reallaşdırdığı sosial layihələr bir daha Azərbaycanın həm də sosial dövlət olduğunu təsdiqlədi
NÖVBƏTİ 10 İL MÜDDƏTİNƏ HESABLANMIŞ HƏDƏFLƏR...
Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə yürütdüyü sosialyönümlü siyasətin istiqaməti təkcə sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıyıb.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu təsdiqləyən amil Prezident İlham Əliyev cənablarının 2 fevral 2021-ci il tarixdə imzaladığı «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» Sərəncamı növbəti 10 il müddətinə hesablanmış iqtisadi inkişafla paralel vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması kimi hədəflərdən olmaqal, hər bir vətəndaşın bu inkişafdan bəhrələnməsi qeyd olunur.
Prezident İlham Əliyevin 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları da ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, iqtisadi tərəqqi olmasa güclü sosial siyasətdən bəhs etmək mümkün deyil. Azərbaycanın yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında təkmil islahatları əhəmiyyətli rol oynayır. Ölkə Prezidenti daim bildirir ki, islahatlar həyatımızın bütün sahələrini əhatə edir, islahatlar labüddür: «İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur».
PREZİDENTDƏN NÖVBƏTİ SOSİAL ADDIM
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə söyləyib ki, son 18 ildə bütün vədlər yerinə yetirilib: «Son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur».
Və bu mənada dövlət başçısının bu günlərdə imzaladığı Fərman və Sərəncamlar sosial islahatların növbəti mərhələsi hesab edilir. Belə ki, yeni sosial islahatlar mərhələsi əslində dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamının həyata keçirilməsi isiqamətində atılan addımları özündə ehtiva edəcək. Yeni ildən icrasına başlanılacaq bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək və onların yerinə yetirilməsi üçün ildə əlavə 1,5 milyard manat vəsait xərclənəcək.
Sözsüz ki, bu kontekstdə əsas diqqətçəkən məqam minimum aylıq əməkhaqqının 300 manata çatdırılmasıdır. Belə ki, digər sahələr üzrə ödənişlərin səviyyəsi də məhz bu göstəriciyə birbaşa bağlıdır. Əməkhaqqlarının minimum səviyyəsi barədə imzalanan Sərəncam dövlət və özəl sektorlarında işləyən 800 min işçinin ailə büdcəsini artıracaq. Azərbaycan Prezidentinin apardığı sosial islhatlar nəticəsində son üç ildə bu göstərici 2,3 dəfə yüksəliş nümayiş etdirib. Digər tərəfdən, bu artım xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti göstəricisini yenə də yüksəlməsi imkanı yaradacaq ki, son nəticədə bu nisbət təqribən 40-41% səviyyəsinə yüksələcək.
Yeni sosial islahatlar paketində ən önəmli məqamlardan biri təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının ehtiva olunmasıdır ki, bu da Azərbaycan Prezidentinin ölkədə təhsilin inkişafına və savadlı gənc nəslin yetişməsinə yetirdiyi xüsusi diqqətin məntiqi nəticəsidir. Çünki bu müstəvidə qarşıya qoyulan vəzifələrin vaxtlı-vaxtında və keyfiyyətli şəkildə yerinə yetririlməsi üçün müəllimlərin sosial rifahının yüksək səviyyədə olması ən vacib tələblərdən biridir. 165 min təhsil işçisinə şamil olunacaq bu sosial paket üçün dövlət büdcəsindən ildə 273 milyon manat xərclənəcək.
Dövlət başçısının daha bir Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 4 min vətəndaş da 2022-ci il yanvarın 1-dən etibarən orta hesabla 20% çox maaş alacaq. Bundan başqa, 132 min döktorant və tələbə də daxil olmaqla, 732 min şəxsin də, müavinət və təqaüdlərinin gələn ilin əvvəlindən artırılması ölkədə savadlı gənclərin yetişməsi, əhalinin həssas təbəqələrinin, çoxuşaqlı və aztəminatlı ailələrin, fəxri adlara layiq görülmüş insanların daim dövlətin qayğısı ilə əhatə edildiyinin sübutudur.
Sözsüz ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlərin artırılması son vaxtlar bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. Belə ki, son üç ildə əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb.
Müharibə və digər xüsusi səbəblərə görə əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Həmin kateqoriyadan olan şəxslər əmək pensiyası alacağı halda da onların sosial təminatında ciddi artımlar nəzərdə tutulub.
Daha bir önəmli addım sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların müavinətinin 150 manatdan 200 manata, onlara qulluğa görə aylıq təqüdün də 60% artırılmasıdır. Bu məqam ölkədə xüsusi xidmətə və qayğıya ehtiyacı olan insanlarla bağlı hökumətin sosial və humanist siyasətinin davamlı şəkildə həyata keçirildiyinin sübutudur. Gələn ildən yaşa görə müavinətin 130 manatdan 180 manata çatdırılması nəticəsində pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumu (176 manat) üstələnəcək. Bu isə bu və ya digər səbəbdən də yetrəli qədər iş stajı olmayan və yaxud da ki, əmək fəaliyyəti ərzində pensiya hesabına kifayət qədər pul vəsaiti toplaya bilməyən insanların ahıllıq dövründə güzəranlarının təminatı üçün əhəmiyyətli dəstək rolunu oynaycaq. Həmçinin, ailə başçısının itirilməsinə görə alınan, müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətlərin artırılması, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinətin isə 55 manatdan 70 manata çatdırılması Azərbaycan Prezidentinin ailə institunun möhkəmləndirilməsi siyasətinin təzahürdür.
Bir sözlə, bütün bunlar isə Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsinin Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli amil olduğunu deməyə əsas verir.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, bu siyasət davamlıdır, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB