Prezident Cənab İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə müsahibəsi mühüm əhəmiyyəti ilə fərqlənir. Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbəmiz tariximizin ən şərəfli səhifələrini təşkil edir. Zəfər tariximiz ilə fəxr edirik və qürur duyuruq. Bu qələbəmizi, tarixi nailiyyətimizi Ali Baş Komandanın rəhbərliyi altında müasir və güclü ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə etmişik. Vətən müharibəsi dövründə və sonrakı vaxtlardada Cənab prezident İlham Əliyevin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara tarixi həqiqətləri, haqlı olmağımızı söyləməsi və qətiyyətli mövqeyi ilə müsahibələr verməsi müstəsna əhəmiyyət kəsb etmişdir. Belə müsahibələrdən biri də cənab Prezidentin İspaniyanın “EL Pais” qəzetinə verdiyi müsahibədir. Bu müsahibədə də Azərbaycan həqiqətləri Avropa və dünya ictimaiyyətinə çatdırılır.
Müsahibədə qeyd olunur ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı olmuşdur. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etmişdir. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edilmiş və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalmıdılar. 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.
Cənab prezident İlham Əliyev müsahibədə bildirir ki, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır. Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmamışdır. 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsində işğalın baş verməsi əsas səbəbdir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda ərazidə iqlim şəraiti əlverişsiz olmuşdur. Hava şəraitinin düzəlməsi ilə əlaqədar olaraq Azərbaycan ordusu dövlət sərhədinə tərəf hərəkət etmiş və ordumuz dövlət sərhədində mövqe tutmuşdur.
Müsahibədə haqlı olaraq bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır fikirləri əsas yer tutur. Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır. Cənab Prezident həqiqətləri söyləyərək qeyd edir ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Bu onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan ərazi bütövlüyünü tanıdığını və ya tanımadığı barədə fikir bildirməmişdir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etmişdir. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.
Müsahibədə Cənab prezident İlham Əliyev Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər barədə də fikirlərini bildirmişdir. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olmuşdur. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq vardır. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşmişdir. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlamışdır.
Müsahibədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona məhsuldar səfəri barədə fikirlər qeyd olunmuşdur. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüsün göstərilməsi əhəmiyyətlidir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur fikirləri dövlətimizin qətiyyətli mövqeyini ortaya qoyur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlmişdir və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmuşdur. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul etmiş və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən və Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir.
Müsahibədə Cənab prezident haqlı olaraq qeyd edir ki, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır;
Müsahibədə İki ölkə arasındakı münasibətlərin normallaşması üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyinin olduğu qeyd olunmuşdur. Burada hər hansı rəqabət yoxdur. Uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər.
Cənab prezident həqiqətləri qeyd etməklə, 30 il ərzində Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törətməsi, şəhər və kəndlərimizin yerlə-yeksan etməsi barədə fikirlərini bildirmişdir. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilmişdir. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri vardır.
Cənab prezident müsahibədə İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etməsi məsələsinə də toxunmuşdur. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad etmişdir. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır.
Qeyd etməliyik ki, Azərbaycanın idtisadiyyatı inkişaf edir və ölkəmizin iqtisadi qüdrəti artır. İqtisadiyyatda inkişafa nail olmaq üçün həyata keçirilən tədbirlər barədə də müsahibədə məlumatlar verilir. İqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili 50 faizdən aşağıdır. Buna baxmayaraq, Azərbaycan neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb etdirir. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verilmişdir. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilmişdir. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır. Azərbaycan təchiz etdiyi qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Azərbaycanın Avropaya qaz ixracı rəqabət təşkil etmir. Ölkəmiz üçün bu, bir kommersiya layihəsidir. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artmışdır. Azərbaycanın qazı Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Azərbaycanın qazı Avropaya nəql edildiyindən ölkəmiz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəkdir. Müsahibədə qeyd edilən bu fikirlər iqtisadi sahədə nailiyyətlərimizdən xəbər verir.
Vətən müharibəsində tarixi qələbəmiz və ortdumuzun hərbi potensialı barədə ətraflı məlumatlar verilir. Beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsinə əsasən Azərbaycan XXI əsrin müharibəsini aparmışdır Effektivliyin səbəbi təkcə dronlarda deyil, çox dəqiq kəşfiyyat işləri aparılmışdır. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdur. Kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronlar effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunmuşdur. Azərbaycan ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300) malikdir. Eyni zamanda Azərbaycan Ordusunda “BUK” tipli hava hücumundan müdafiə sistemi var. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir. Eyni zamanda, ölkəmizin hərbi təcrübəsinə maraq və bu təcrübəni öyrənmək istəyən ölkələrin sayı artmışdır
Müsahibənin sonunda isə rəsmi İrəvanın hərbi cinayətləri barədə məlumat verilir. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak olmuşdur. Ermənistanda hökm sürən hərbi xunta 30 il ərzində 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşı minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Cənab prezident İlham Əliyevin müsahibəsi Avropa İnformasiya şəbəkəsinə həqiqətləri çatdırmaqla müstəsna əhəmiyyətə malikdir.
Mirnağı Nəzərli
Xəzər rayonu, H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB