Ermənistanla çarter reyslərinin açılması məsələsinə də baxılır - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

Ermənistanla çarter reyslərinin açılması məsələsinə də baxılır - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Ümumiyyətlə kommunikasiyaların açılması baxımından istənilən müsbət dəyişiklik yaxşı haldır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında müharibə başa çatdıqdan sonra iki ölkə arasında kommunikasiyaların açılması müzakirə edilib. Dünən dekabrın 14-də Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəsi ilə üçlü görüşməsi ilə, eyni zamanda da Prezident İlham Əliyevlə Nikol Paşinyanın ikili görüşməsində bu məsələlər müzakirə edilib. Azərbaycan Ermənistanla kommunikasiyaların açılmasında maraqlıdır. Bu isə o deməkdir ki, Türkiyə dövləti də Ermənistanla bütün kommunikasiyaların açılmasının marağındadır. O baxımdan İstanbul-İrəvan aviareysinin işə düşməsi əlbəttə ki, bu istiqamətdə bir işartı kimi qiymətləndirilə bilər.

Bilirsiniz ki, Türkiyə dövləti, Ermənistanla münasibəti tənzimləmək üçün Azərbaycanın mövqeyini nəzərə alacağını dəfələrlə bəyan edib. Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atarsa və bu yöndə Türkiyəyə işarətlər verərsə onda Türkiyə, kommunikasiyaların açılması və digər münasibətlərin bərpa edilməsi kimi addımlar atacaq. Bu baxımdan mən düşünürəm ki artıq təyyarə reyslərinin açılması istiqamətində atılan addım da məhz Azərbaycanın verdiyi işarətlərdən sonra mümkün olur. Bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, bununla bağlı bir daha bildirdi və dedi ki, “Azərbaycan dövləti hansı addımlar atacaqsa, biz də Türkiyə dövləti olaraq ona uyğun davranacayıq”. Eyni zamanda o, qeyd etmişdi ki, Ermənistanla çarter reyslərinin açılması məsələsinə də baxılır. Əlbəttə ki, bu cür addımlar ilkin işartılar olaraq uzunmüddətli dayanıqlı normallaşdırma prosesinin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə