Azərbaycan mətbuatı üçün yeni üfüqlər ANALİTİKA

Azərbaycan mətbuatı üçün yeni üfüqlər ANALİTİKA

Azərbaycan mətbuatı üçün yeni üfüqlər Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük tələbat yaratmışdı. Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.

Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində yaratdığı Medianın İnkişafı Agentliyi fəaliyyətə başladıqdan sonra “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir. “Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir. Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir.

Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır. Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq. Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Layihədə nəzərdə tutulan məqamlardan biri də “freelancer” - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə