Zəfər paradına Müzəffər Ali Baş Komandan nitqi ilə möhür vurdu - EKSPERT RƏYİ

“Qarabağ Zəfərinin əldə olunmasının əsas uğuru nədən ibarətdir, sualını verib, bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən daxili və xarici siyasətinin əsas konturlarını Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üzərində qurduğu faktı ilə cavablandırsaq heç də yanılmarıq. Zəfərə gedən yolda əsas məsələ isə bizi bu son nöqtəyə aparan üsul və vasitələrin düzgün müəyyənləşdirilməsi idi. Bu baxımdan da dövlət başçımız ilkin olaraq güclü iqtisadiyyat və ordu quruculuğunun daha da təkmilləşdirilməsinə fokus oldu. Xalqın qürur mənbəyinə çevrilən ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən sistemli yanaşmanın nəticəsi olaraq bu qədər rəşadətli bir orduya çevrildi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, Vətən müharibəsi nümayiş etdirdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb: “Bu isə heç də asan proses deyil. Belə ki, bu prosesdə əsas məsələ tərəfdaş ölkələrlə sıx əlaqələrin qurulmasıdırsa, ikincisi və ən əsası silah bazarının olduqca həssas bir seqment olduğu reallığını nəzərə alsaq görürük ki, yalnız kommersiya və biznes maraqları hər şeyi həll etməyə qadir olmur. Belə ki, bu işdə əsas siyasi məsələlər hər şeyi həll edir. Bu baxımdan da Azərbaycan tərəfdaş ölkələrdən elə texnika və silahlar aldı ki, əgər bir mənbədən olan texnikaya hər hansı bir şey olarsa, əlimizdə əlavə ehtiyat imkanlarımız olsun. Məhz bu məsələ olduqca həssas proses olduğundan dəqiq, sistemli və son nəticəyə fokuslanmış iş tələb edir. İkinci Qarabağ müharibəsi sübut etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sahədə olan bütün reallıqları və yarana biləcək gözlənilməz məqamların hamısını nəzərə alıb. İllər ərzində Azərbaycanın əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Bəli, sadalanan bütün texniki məsələlər təmin olunmuşdu. Amma dünyada baş verən bütün müharibələr sübut edib ki, müharibədə əsas faktor xalqın psixoloji durumu və ordunun ruh halıdır. Sadalanan ilkin faktor üçün illər ərzində Azərbaycanda böyük hazırlıq işləri görüldü. Belə ki, ölkədə siyasi sabitlik və vətəndaş birliyi təmin edildi. Xalqımız daim öz Liderinə sonsuz dəstəyini nümayiş etdirir, Liderimiz də bu dəstəkdən əlavə güc alaraq olduqca ciddi islahatlar kursu həyata keçirir və siyasi müstəvidə vəziyyəti tam sağlamlaşdırırdı. Əgər daxildə bu işlər görülürdüsə beynəlxalq müstəvidə də əməli işlərə imza atılırdı. Belə ki, mahir diplomat cənab İlham Əliyev beynəlxalq təşkilatların bizim haqq səsimizi dəstəkləyən önəmli qərarların və qətnamələrin qəbul olunmasına nail oldu və bununla da qələbinin tam təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı”.

Politoloq qeyd edib ki, 2003-cü ildən bəri cənab Prezident İlham Əliyevin idarəçiliyi dövründə yetişən gənclik müharibənin gedişində orduya yollanmaq üçün səbirsizlənirdi: “Hətta hərbi hospitalda olan yaralı əsgər və zabitlərimiz həkimlərdən tələb edirdilər ki, bir an öncə sağalsınlar və döyüş meydanına geri dönsünlər. Qürur və fərəh hissi ilə deyirik ki, mərd Azərbaycan oğulları arasında bir nəfər də olsun fərari olmadı. Azərbaycanın qeyrətli oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Məhz bu əzmdən, bu rəşadətdən qorxan Ermənistan ordusunda fərarilik halları hər keçən gün artırdı. Azərbaycan ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, həmçinin məğlubedilməz erməni ordusu mifinə birdəfəlik son qoydu. Nəticədə düşmən diz çökdü və kapitulyasiya aktına imza atdı. Cənab Prezident İlham Əliyevin möhtəşəm idarəçiliyi altında Azərbaycan dövlətinin illər ərzində gördüyü işlərin, Azərbaycan xalqının Vətən sevdasının kuliminasiya nöqtəsi tarix boyu xalqımızın bir çox sınağına şahidlik etmiş Azadlıq meydanında keçirilən möhtəşəm, dünyanı lərzəyə salan Zəfəri paradı idi. Zəfər paradı bütün hisslərimizin cuşa gəldiyi möhtəşəm tarixi məqamdır. Bu tarixi anlara Qalib Ordunun Müzəffər Ali Baş Komandanı öz nitqi ilə möhür vurdu. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Paradında tarixi çıxış edərək bildirdi ki, “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Ş.Həsənova vurğulayıb ki, postmüharibə dövründə atılan bütün addımlar bir daha sübut edir ki, sözünün imzası qədər dəyəri olan dövlət başçımız Azərbaycan torpaqlarının qısa zaman çərçivəsində dirçəldilməsi, Ermənistanın əsassız iddialarının hüquqi müstəvidə dəf edilməsi, postmüharibə reallığının məkirli qüvvələr tərəfindən qəbul olunması istiqamətində gecə-gündüz sistemli şəkildə çalışır: “Zəfər paradında dünya Azərbaycanın gücünü gördüsə, həm də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, ayrılmaz tellər üzərində qurulduğunun şahidi oldu. Müharibənin ilk saatlarından Türkiyənin Azərbaycanın yanında qətiyyətlə dayanması nəticəsində heç bir kənar qüvvə regiona yaxın buraxılmadı. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Bu baxımdan da Zəfər paradı bizim qardaşlığımızın Zəfəridir. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının meydana gətirilməsi bütün xalqımızı fəxr, sevinc, qürur gözyaşlarına boğdu. O anlar yaddaşlara qızıl hərflərlə həkk olundu. Zəfər paradından sonra yaradılmış Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbəmizin möhtəşəmliyini nümayiş etdirir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarları da sübut etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl edərək ləyaqətli müharibə aparıb. Zəfər paradı Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və öz Liderinin ətrafında dəmir yumruq kimi birləşərək gücünü nümayiş etdirən, 30 il müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyən xalqın möhtəşəm tarixidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...