Tarixi qələbəmizin möhtəşəm təntənəsi- ZƏFƏR PARADI TƏHLİL

«10 dekabr tarixində Bakıda, "Azadlıq" meydanında keçirilən Zəfər paradı Azərbaycanın haqq mübarizəsi, ədaləti bərpa etməsi, qalib bir dövlət olaraq gücünün bütün dünyaya nümayişi baxımından, tariximizə əbədi olaraq həkk olundu. 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycanın zəfərini, qələbəsini, eləcə də iki dost ölkənin - Türkiyə - Azərbaycan əbədi qardaşlığını, əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə bəyan etdi. Zəfər paradı Azərbaycanın tərəfdaşlarına, dost və qardaş ölkələrə sevinc, müjdə oldu, eləcə də dövlətimizi sevməyən, uğurlarımıza qısqanclıqla yanaşan ölkələrə qalib dövlətdən bir mesaj idi. Zəfər paradı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizədə qalibiyyətin təntənəsi idi. Azərbaycan xalqı Zəfər paradını uzun illərdir ki, gözləyirdi. Bu, torpaqların azadlığı, ərazi bütövlüyünün bərpasının paradı idi və minlərlə insanın öz ata-baba yurduna qayıdışının, arzularının gerçəkləşməsi idi. Əlbəttə ki, Zəfər paradı həmin zamana qədər keçirilmiş paradlardan bir çox parametrləri isə seçilirdi. Şuşada qaldırılan dövlət bayrağımızın Azadlıq meydanına Zəfər paradına gətirilməsi tarixi hadisə olaraq, dünyaya nümayiş etdirildi». Bu sözləri «Səs» qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qazandığı 44 günlük Vətən müharibəsində Qələbə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə düşünülmüş şəkildə yürütdüyü siyasətin məntiqi nəticəsi idi: "Azərbaycanın Zəfəri həm güclü daxili siyasətin, həm məqsədyönümlü diplomatik əlaqələrin, həm də hərbi sahədə böyük inkişafın təcəssümü idi. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, "Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi." Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi Zəfərimizi tariximizə qızıl hərflərlə yazdı. Qələbəmiz bir daha Azərbaycanın «Dəmir Yumruğ»unun qarşısında hansısa bir gücün dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir."

44 günlük müharibədə Qələbə qazanmış Azərbaycanın tarixi Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, eləcə də müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin və s. ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi də həqiqətən də qüdrətli və güclü Azərbaycandan dünyaya edilən çox mühüm mesaj idi,- deyən rayon təşkilatının sədri Azərbaycan dövlətinin öz haqqını, hüquqlarını, ərazi bütövlüyünü müdafiə etməyə qadir olduğunu bildirib. İki ölkə prezidentinin Zəfər paradını qəbul etməsi, birlikdə Qalib Ordunu salamlaması tarixi an kimi yaddaşlara köçdü, - deyən rayon təşkilat sədri Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında səsləndirdiyi fikirlərin bütün dünyaya siyasi mesaj olduğunu diqqətə çəkib: «Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitlərin paradda iştirakı dövlətlərimizin birliyinin, dostluğunun və qardaşlığının tarixi köklərə söykəndiyini bir daha təsdiqləmiş oldu. İki qardaş ölkənin əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi qürurverici hadisəyə çevrildi. Bu xalqların tarixində əbədi qalacaq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsində Türkiyə dövləti bir qardaş və dost ölkə olaraq, Azərbaycanın yanında oldu və müharibənin ən gərgin zamanında belə, hər an istər siyasi, istərsə də mənəvi tərəfdən ölkəmizə dəstəyini əsirgəmədi. Bu baxımdan, deyə bilərik ki, qazandığımız Zəfər həm də qardaş Türkiyənin Qələbəsidir. Azərbaycan Prezidenti çıxışında vurğuladığı kimi, "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi... Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".

"Artıq Zəfər qazanmış Azərbaycan tarixinin yeni zamanını yaşayır", - deyən A.Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş tarixi Zəfər sayəsində hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrünün başladığını bildirib: «Bu gün yeni reallıqlar mövcuddur, Azərbaycanın "Dəmir Yumruğu"nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Müharibədən bir il bir ay keçməsinə baxmayaraq, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən tədbirlərin miqyası genişdir. Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan etməsi və oranın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr Cənab Prezidentin dünyada qurucu bir Lider olduğunu təsdiqləmiş oldu. Dünya dövlətləri ilə iqtisadi, siyasi sferada uğurlu əməkdaşlıqların qurulması və Azərbaycanın dünya miqyasında tanıdılmasında dövlət başçısının yürütdüyü siyasət öz bəhrəsini verir. Qələbədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar Prezident İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən, qətiyyətli və cəsarətli diplomatik siyasətin təsdiqidir. İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısı bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzunmüddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. Hazırda Azərbaycan və region üçün yeni dövr başlanır. Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir».

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə