“Azərbaycanın hər bir uğurunun altında Ulu Öndərin imzası vardır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Ulu Öndət Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin ən dahi şəxslərindən biri kimi tarixə düşübdür və baxmayaraq ki, o uzun müddət kiçik bir ərazi olan Azərbaycanda fəaliyyət göstərib, baxmayaraq ki, o cəmisi 5 il SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olub, amma onun həyat fəaliyyəti bu gün də böyük maraq doğurur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin cəmiyyət problemlərini həll etmə bacarığı, onun gələcəyə istiqamətlənən addımları, onun cəmiyyəti birləşdirən, cəmiyyətin inamını özünə qaytaran siyasəti tək Azərbaycan üçün deyil, istənilən ölkə üçün bir mexanizm rolunu oynaya bilir.

“Ülu Öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyəndə həmin strukturu cəmiyyəti cəzalandıran təşkilatdan cəmiyyəti qoruyan bir təşkilata çevirdi. O, təhlükəsizlik orqanlarına azərbaycanlı gəncləri cəlb etməklə, onları Azərbaycan üçün məsuliyyət daşıyan bir dövlət xadimlərinə çevirə bildi. Ümummilli Lider Sovet Azərbaycanına rəhbərlik edərkən məhdud imkanlar çərçivəsində sərt ideoloji qanunların nəzarəti altında Azərbaycanı çiçəklənən bir adaya çevirə bildi, Azərbaycanı aqrar-sənaye bölgəsindən sənaye-aqrar bölgəsinə çevirdi. Azərbaycanda yeni ali məktəbləri, o cümlədən hərbi məktəbi açması Azərbaycanın inkişafına böyük bir təkan verdi. Azərbaycan sənaye bölgəsinə çevrildi. Azərbaycan neft-qaz bölgəsindən çoxprofilli bir sənaye ərazisi kimi tanınmağa başladı. Azərbaycan incəsənəti, mədəniyyəti, ədəbiyyatı Azərbaycanın sərhədlərindən kənarda tanındı. SSRİ rəhbərlərindən biri kimi o, yeni siyasət nümunəsini ortaya qoydu, xalqla hakimiyyət arasında olan buz divarını dağıtdı və indi də Moskvada Heydər Əliyev yanaşması, Heydər Əliyev fəaliyyəti terminləri çox populyardır.

Ulu Öndər Heydər Əliyev böyük siyasətdən uzaqlaşdırıldıqdan sonra Azərbaycana qarşı erməni millətçilərinin yürütdüyü təxribatların qarşısında bir simvola çevrildi. Azərbaycan xalqı onun apardığı siyasətin Azərbaycanı xilas edəcəyi qənaətində idi və ona inamını itirməmişdi. 20 yanvar faciəsindən sonra onun açıq şəkildə SSRİ rəhbərlərini həmin cinayətdə ittiham etməsi Azərbaycan xalqını daha da cəsarətləndirdi, erməni qəsbkarlığına qarşı xalqımızın mübarizəsini daha da möhkəmləndirdi. Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olması Naxçıvanı itirmək təhlükəsindən Azərbaycanı xilas etdi, Naxçıvanı bir ümid yerinə çevirdi. Naxçıvanda Ulu Öndərin apardığı islahatlar sonradan Azərbaycanda öz təsdiqini tapdı.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, Azərbaycanın gücünü, erməni işğalı qarşısında toparladı və onu dayandıra bildi. Atəşkəs rejiminin əldə edilməsi, yeni Konstitusiyanın hazırlanması, Azərbaycanda geniş islahatların keçirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında, möhkəmlənməsində böyük rol oynadı. Ulu Öndər Heydər Əliyev ordu quruculuğuna böyük əhəmiyyət verirdi. Məhz onun əsasını qurduğu ordu quruculuğu 2020-ci ildə Azərbaycan torpaqlarını işğaldan azad etdi, Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət Azərbaycanı hüquqi, demokratik dövlətə çevirdi, Azərbaycanın potensialını gücləndirdi, Azərbaycanın dünya birliyində nüfuzlu yer qazanmasına səbəb oldu. Uıu Öndər Heydər Əliyev Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiə edilməsində, bunun bir sistem kimi formalaşdırılmasında böyük rol oynadı. Heydər Əliyev kiçik bir dövlətin öz hüquqlarını nə cür müdafiə etməsinin təcrübəsini ortaya qoydu və bu gün də həmin təcrübə öyrənilməkdədir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının inamını özünə qaytardı, Azərbaycan xalqını bir monolit kimi birləşdirdi, Azərbaycanı dövrün qarşıya qoyduğu problemlərin həllinə həmişə hazır vəziyyətə gətirib çıxardı və Azərbaycanın əldə etdiyi hər bir uğurun altında hesab edirik ki, Ulu Öndərin imzası vardır. Ümummilli Lider Heydər Əliyev həmişə xatırlancaq, o tariximizdə şərəfli bir yer tutur”, deyə Aydın Mirzəzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə