Azərbaycanda Fransaya hər zaman hörmət olub - DEPUTAT MÖVQE BİLDİRDİ

"Azərbaycan Fransa ilə əlaqələrinin həmişə yüksək səviyyədə olmasında maraqlıdır. Azərbaycan Fransa ilə dostluğunu, ikitərəfli münasibətlərini, iqtisadi və siyasi əlaqələrini daha da böyütmək, genişləndirmək, normallaşdırmaq üçün hər zaman səylər göstərir. Azərbaycan Prezidentinin bir neçə dəfə Fransaya səfəri olub. Fransa prezidentləri Azərbaycana səfər edib. Biz bu münasibətləri həmişə normal saxlamağa çalışmışıq. Fransa dövlətini də həmişə özümüzə dost görməyə çalışımışıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

O, qeyd edib ki, təəssüflər olsun ki, Fransada olan erməni diasporu güclüdür və orada olan erməni diasporasının üzvləri Fransa siyasətçilərini yoldan çıxara bilir. Onların qərarlarına bu və ya digər formada təsir göstərə bilir. Bu da Azərbaycan-Fransa əlaqələrinə xələl gətirir. Mən özüm Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüyəm. Mən istərdim ki, Fransa və Azərbaycan arasında dostluq əlaqəsi daha da böyüsün. Azərbaycanda fransız dili yüksək səviyyədə tədris olunur. Azərbaycanda Fransa Azərbaycan universiteti açılıb. Azərbaycanda fransız liseyi açılıb. Azərbaycanlı uşaqlar orada fransız dilində təhsil alırlar. Azərbaycanda Fransaya hər zaman hörmət olub. Azərbaycanlılar Fransanın faşizmdən xilas olunmasında qəhrəmanlıq göstəriblər. Azərbaycanlılar Fransanın ən yüksək mükafatlarına layiq görülüblər. Mən istəməzdim ki, Azərbaycanla Fransa arasında münaqişələr yaransın.

Razi Nurullayev bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda mən istəməzdim ki, Fransa da Ermənistana və onun haqsız iddialarına görə Azərbaycana qarşı haqsız addımlar atsın. Son zamanlar Fransa-Azərbaycan əlaqələrində müəyyən yaxşılaşmalar, normallaşmalar var. Mən buna sevinirəm. Fransanın Azərbaycandakı səfiri də çox gözəl bir insandır. Mən onunla görüşmüşəm. Çox mədəniyyətlidir, dinləməyi bacarır. Mən düşünürəm ki, bir sıra məsələləri də həll etmək istəyər. Həmçinin o, Qarabağa da səfər edib. Ona görə də, bu əlaqələrin daha üst səviyəyə qalxması üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Mən hesab edirəm ki, bizim Fransa ilə daha yaxından işləməyimiz üçün resurslarımız, imkanlarımız var. Bu imkanlardan və resurslardan iki ölkə arasındakı əlaqələrin normallaşması üçün istifadə etməliyik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...