Bütün zamanların dahisi - HEYDƏR ƏLİYEV

Böyük siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür

MEHDİ BALAVBƏYOV,

YAP Şabran rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət Olimpinə çox siyasi xadimlər gələcək, amma Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, Onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.

Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Ulu Öndər Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən, böyük fəxrlə demişdir: «Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir».

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlət qurluşu kimi tarixə düşdü. Bu qayıdış yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkə imici qazandırdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib-hazırladı. Ümummilli Liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. Ulu Öndər Heydər Əliyev bu sahəni özü qədər inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırdı. Bundan sonra danışıqlarda əsas üstünlük "açıq qapılar" və "balanslaşdırılmış siyasət" prinsiplərinə verildi. Bir tərəfdən təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən böyük müəllimi Heydər Əliyev kimi fenomenin qiymətli tövsiyə və məsləhətləri gənc İlham Əliyevə bu mühüm tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verdi.

Ulu Öndər ideyalarının uğurlu davamçısı

Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, tarix dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi. Nidasını isə elə vurdu ki, bu əsrlərə bərabər oldu.

Böyük Qələbəmizi təmin edən tarixi hadisə- 2020-ci il 8 noyabr

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə, mifik yox, real və Məğlubedilməz Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Ermənistan tam tərk-silah oldu. Düşmənin «ağ bayraq» qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Buna Ali Baş Komandan İlham Əliyev nail oldu. Ermənistan Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya şərtlərinə razılığını verdi. Qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. Ali Baş Komandanımızın ətrafında xalqımızın yumruq kimi bir olmağımızın qələbəsidir, ərazi bütövlüyümüzün bərpasının reallaşdırılmasıdır. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hissləri yaratdı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə