Prezident hökumətə Ordu quruculuğunun gücləndirilməsini tapşırdı - TƏHLİL

Prezident İlham Əliyev: “Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq”

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, hərbçilərinin sosial, məişət, xidmət sahələri ilə bağlı şəraitin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir: “Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan ən vacib məsələrdən biridir”. Bəli, bu, həmrəylikdən – “Dəmir yumruğ”a gedən, güclənən, möhkəmlənən Qalib Ordudur. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hadisələrin sonrakı inkişafının sübut etdi ki, 1993-cü ilin 15 iyununda Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Və bu uğurlu siyasətin layiqli davamçısı son 18 ildə Prezident İlham Əliyevin diplomatik və "Dəmir siyasəti" nəticəsində 44 gündə mümkünsüzü mümkün edən Güclü Azərbaycan Ordusu 30 illlik torpaq həsrətinə son qoyaraq qələbə Zəfərinə nail oldu. Bu Zəfər qələbəsi Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi.

“BİZİM ƏSGƏRLƏRİMİZ XİLASKAR ƏSGƏRLƏRDİR, ERMƏNİ ƏSGƏRLƏRİ İŞĞALÇI ƏSGƏRLƏRDİR”

Dövlət başçımızın dediyi kimi, çünki bizim əsgərlərimiz öz doğma torpaqlarında vuruşur: “Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”. Dövlətimizin başçısı onu da bildirib ki, biz öz torpağımızda vuruşuruq, bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Bəli, Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi bir daha bu sözləri təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətləndi. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin əyani şəkildə sübutudur. Müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi.

Prezident İlham Əliyev: “Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi”

Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”. Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

PREZİDENT İLHAM ƏLİYEVİN SƏRƏNCAMLARI İLƏ 76 MİN 349 HƏRBİ QULLUQÇU MÜXTƏLİF ORDEN VƏ MEDALLARLA TƏLTİF EDİLİB

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər. Azərbaycan Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.

MÜDRİK LİDER, BÖYÜK STRATEQ, QALİB SƏRKƏRDƏ

Bəli, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Son 18 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 18 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasının əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Bu gün dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Müstəqillik tarixinin ən böyük büdcəsi - 2022-ci il Zəfər büdcəsi

44 günlük Vətən müharibəsinin qalib dövlətinin 2022-ci il üçün hazırlanan iqtisadi konstitusiyasını zəfər büdcəsi də adlandıra bilərik. Çünki bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş bir ölkənin müstəqillik tarixinin ən böyük büdcəsidir. Əgər Vətən müharibəsi Azərbaycanın hərbi gücünün təntənəsi oldusa, gələn ilin büdcəsi isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirən reallıqdır. Çünki Azərbaycan son 18 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır. Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

Müdafiə xərcləri 5 milyard manata yaxın yüksəlir

Tarixi qələbəmizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalacaq. Belə ki, gələn ilin dövlət büdcəsi xərclərinin 15 faizi, yəni 4 milyard 490 milyon manat həcmində vəsait bu məqsədlər üçün nəzərdə tutulub. Gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır. Düşmənin vəhşicəsinə talan etdiyi kənd, qəsəbə və şəhərlərin yenidən qurulması və tarixi simalarının qaytarılması, ərazilərin minalardan təmizlənməsi, zəruri yol-nəqliyyat, elektrik, rabitə, su, qaz və digər kommunal infrastrukturların, həmçinin sosial-mədəni obyektlərin tikintisi, mədəni-tarixi abidələrin bərpası istiqamətində başlanılmış böyük həcmli işlər sürətlə davan etdirilməkdədir. Növbəti ildə də işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Bütün hallarda aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Vətən savaşında Azərbaycan qarşısında diz çökən Ermənistan bu gün istənilən sahələrdə Azərbaycanla ayaqlaşmaq gücündə deyil və heç bir zaman da olmayacaq.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Bir sözlə, bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Çünki güclü ordu isə güclü dövlət deməkdir.

Və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək, güclü dövlətin güclü ordusu çox tezliklə, Qarabağın işğal olunmuş ərazilərimizi də geriyə qaytaracaq! Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə