Rusiya da istəyir ki, regionda əbədi düşmənçilik olmasın - JURNALİST MÖVQE BİLDİRDİ

"Rusiya və Azərbaycan arasındakı müsbət münasibətlərin olmasında doğrudan da, hər iki ölkə rəhbərinin rolu çox böyükdür. Yəni Vladimir Putin və İlham Əliyevin bir-birinə olan səmimi münasibətinin nəticələrinin dəfələrlə şahid olmuşuq. Əlbəttə, Rusiya böyük ölkədir. Həqiqət bundan ibarətdir ki, Rusiya dünyada nəhəng, sərhədləri geniş olan, söz sahibi olan bir ölkədir". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

O, qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında da Rusiyanın vasitəçilik baxımından rolu böyük oldu. Yəni müharibənin dayanmasında, Laçın, Kəlbəcər və Ağdamda müharibənin aparılmamasında Rusiyanın rolu oldu. Əgər biz bu əraziləri də silahlı mübarizə ilə almaq istəsəydik, bizim itkilərimiz çox olacaqdı. Ermənistan Rusiyaya yalvardı ki, müharibəni dayandırın. Putin də cənab Prezident İlham Əliyevlə dost münasibətdədir. Beləliklə, onlar görüşdülər və 10 noyabr bəyannaməsi imzalandı. Rusiya ermənilərin qudurğanlıq edib bizə çamur atması, hücum etməsi, terrorçu hərəkətlərinin qarşısını alması üçün sülhməramlıları göndərib. Düzdür, sülhməramlılar olmasına baxmayaraq, yenə bəzən atışmalar olur, şəhid veririk. Razıyam, amma görün, sülhməramlılar orada olmasa nələr baş verərdi. Ermənilər xislətçə terrorçudur. Ona görə də, mütləq onlarla bizim aramızda onlar gerçəyi başa düşənə qədər bir qüvvə olmalıdır. Bu da sülhməramlılardı. Bunu Rusiya tərəfi göndərib.

Ceyhun Musaoğlu bu barədə fikirlərini belə bildirib: "Rusiya ilə də Azərbaycanın münasibəti çox istidir. Azərbaycan və Rusiya rəhbərlərinin münasibəti çox səmimidir. Buna görə də, cənab Prezident müsahibəsində vəziyyətin normallaşmasında Rusiyanın rolu böyükdür deyə qeyd edib. Doğurdan da, bu belədir. Gördüyünüz kimi yenidən görüşdülər. Üçtərəfli bəyanata əməl etməyən tərəf Ermənistandır. Soçidəki görüşdə Rusiya prezidenti diplomatiyaya uyğun olaraq hər şeyi açıqlamadı. Ancaq təbii ki, orada Paşinyanın verdiyi sonrakı açıqlamalarda da aydın olur ki, artıq onlar delimitasiya, demarkasiya işlərinə başlamağa razılıq verirlər. Artıq Zəngəzur dəhlizi ilə bağlı hətələm-pətələm danışan, heç bir məntiq əsasa söykənməyən ifadələr işlədən, Zəngəzur dəhlizi açıla bilməz deyən Paşinyan Rusiyada keçirilən görüşdən sonra artıq royal münasibət bildirir. Başa düşür ki, regionda kommunikasiya münasibətləri bataqlığa düşmüş Ermənistan üçün daha vacibdir. Ermənistan düşdüyü bataqlıqdan çıxmaq üçün mütləq bu layihələrə qoşulmalıdır".

Üçtərəfli görüşdə Rusiya Ermənistanı başa sala bilib. Ceyhun Musaoğlu bu barədə belə deyib: "Bu baxımdan Soçi görüşü cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Biz əminik ki, bu müharibənin fəsadları maksimum 5 il sonra bütünlüklə aradan qalxacaq. Biz bizə aid olan bütün ərazilərimizə çox rahat şəkildə gedə biləcəyik. Erməni terrorçuları anlayacaq ki, artıq onlar üçün mühit yoxdur. 5 ildən sonra rus sülhməramlıları da öz ölkələrinə qayıdacaq. Buna görə də Prezidentin rəhbərliyi ilə dövlətimiz bu qədər sürətlə, bu qədər çevik addımlar atır ki, 5 il ərzində Zəngəzur dəhlizi açılsın, kommunikasiya xətləri açılsın, Azərbaycan-Ermənistan münasibətləri normallaşsın. Müharibə bitib. Rusiya da istəyir ki, regionda əbədi düşmənçilik olmasın".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...