Ermənilər elə düşünürdülər ki, onlar daimi olaraq Laçında qalacaqlar - DEPUTAT ŞƏRH ETDİ

"Dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata əsasən ötən ilin bu günü ölkəmizin mühüm strateji əhəmiyyətə malik rayonlarından biri olan Laçın Azərbaycana qaytarılıb: "Heç bir güllə atmadan və itki vermədən Laçının geri qaytarılması Azərbaycanın növbəti möhtəşəm qələbəsi idi. 1992-ci ildə işğaldan sonra ermənilər Laçında qeyri-qanuni məskunlaşma aparmışdı. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər. Ermənilər tərəfindən Laçında 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ermənilər elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar: "Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi. Laçın strateji ərazi olmaqla bərabər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Bu gün Laçında və bütün azad olunmuş ərazilərdə sürətli quruculuq-bərpa işləri aparılır. Cənab Prezident İlham Əliyev tərəfindən artıq Laçında beynəlxalq hava limanının tikintisinə start verilib. Bu hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Çox gözəl xəbərdir ki, bugündən Laçın rayonunun su təchizatı təmin edilib, Laçın rayonu öz doğma sahiblərinə qayıdıb, öz doğma sahibləri də Laçına həyatı qaytarırlar. Bu gün Laçında üçrəngli bayrağımız dalğalanır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...