Zaqatalada YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib ANIM
YAP Zaqatala rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsini, daha sonra Şəhidlər Xiyabanı və Zəfər Kompleksini ziyarət edib, gül dəstələri düzüblər. Konfransda Azərbaycan Respublikasının himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının səlahiyyətlərini icra edən Habil Qurbanov qonaqları salamlayaraq, Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. H.Qurbanov qeyd edib ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 29 il ötür. Bir-birindən əhəmiyyətli uğurları ilə 29 ili zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. Partiyanın yarandığı vaxtdan bu günə qədər tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır.
Tədbirdə YAP Zaqatala rayon təşkilatının fəalları Tahir Məmmədov, Famil Rəhimov, Xuraman Şabanova, Elbrus Məmmədov çıxış edərək bildiriblər ki, ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış Lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə zamanda 91 ziyalının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək bildirib ki, 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. "Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı Cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil".
Daha sonra YAP Zaqatala rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü münasibətilə silsilə tədbirlərin davamı olaraq, ağacəkmə kampaniyası keçirib. Partiyanın rayon təşkilatının fəalları ağacəkmə kampaniyasında iştirak ediblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB