"Bu görüş istənilən halda Azərbaycanın maraqlarına cavab verir" -ŞƏRH EDİLDİ

"Bu görüş istənilən halda Azərbaycanın maraqlarına cavab verir" -ŞƏRH EDİLDİ

“Həm Brüssel Zirvəsinin, həm də keçiriləcək görüşün Azərbaycan üçün əlavə imkanlar yaradacağı qənaətindəyəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə Aİ-nın vastəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinayn arasında keçirilməsi gözlənilən görüşlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, məlum olduğu kimi 15 dekabr tarixində Avropa İttifaqı Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə keçirilməsi planlaşdırılan görüş Aİ Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq: “Sərhəddəki gərginlik istər-istəməz yeni situasiya yaradıb və bu da öz növbəsində Rusiya ilə yanaşı Qərbi də fəallaşdırıb və onlardan hər biri baş verən hadisələrdən maksimum şəkildə faydalanmağa çalışırlar.

Rusiya gərginlikdən istifadə edərək regionda daha çox möhkəmlənmək, Qərb isə Rusiyanın vasitəçilik missiyasının fayda vermədiyi görüntüsünü yaradaraq faktiki olaraq kənarlaşdırılmış olduğu prossesə yenidən qayıtmaq istəyir. Bu baxımdan da Qərbin və konkret olaraq Avropa İttifaqının belə bir təşəbbüslə çıxış etməsi başa düşüləndir.

Brüssel görüşündə hansısa yeni məsələlərin müzakirə olunacağını düşünmürəm. Belə ki, postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçısı tərəfindən ən yüksək səviyyəli beynəlxalq platformalarda səsləndirilib, o cümlədən də keçiriləcək görüşün təşəbbüskarı qismində çıxış edən Şarl Mişelin də diqqətinə çatdırılıb.

Görüşdə təbii olaraq regiondakı vəziyyət və gərginliyin aradan qaldırılması yolları müzakirə olunacaq. Ümumiyyətlə isə 15 dekabrda müzakirə olunacaq məsələlərin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Bakıya səfəri zamanı cənab Prezident Əliyevlə görüşdə müzakirə etdiyi məsələlərdən fərqlənməyəcəyi qənaətindəyəm. Başqa sözlə erməni diversantları məsələsi, mina xəritələri, sərhədlərin delimitasiyası, komunikasiyaların açılması. Əminliklə demək olar ki, hər hansı bir status məsələsi müzakirə predmetinə çevrilməyəcək, belə ki, bu məsələ rəsmi Bakının qırmızı cizgisidir və həm Avropa İttifaqı, həm də Ş.Mişel bunu kifayət qədər yaxşı anlayırlar.

Həm Brüssel Zirvəsinin, həm də keçiriləcək görüşün Azərbaycan üçün əlavə imkanlar yaradacağı qənaətindəyəm. Rəsmi Bakı Brüssel görüşünü fürsətə çevirə və növbəti mərhələlərdə Rusiyanın vasitəçiliyi ilə baş tutacaq görüş üçün əlavə imkanlar əldə edə bilər. Belə ki, Azərbaycan tərəfi danışıqlarda Aİ-nin aktivliyini artırması ilə bağlı mümkün perspektivi Moskvanın qarşısında istifadə edə bilər.

44 günlük müharibədən sonra Bakı ilə İrəvan arasında həyata keçirdiyi təkbaşına vasitəçiliyi rəqibi Brüsselə bölüşmək istəməyən Kreml üçün isə bu yaxşı perspektiv vəd etmir. Odur ki, Rusiya bütün vasitələrdən istifadə edəcək ki, üçtərəfli bəyanatın icrasıyla bağlı məsələlər tez bir zamanda öz həllini tapsın. Bunun üçün də ilk növbədə kənar oyunçuları da prossesə qoşmaq istəyən Ermənistana qarşı təzyiqləri artıracaq. Bütün sadalananlara əsasən demək olar ki, 15 dekabr görüşü istənilən halda Azərbaycanın maraqlarına cavab verir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə