Arman Abovyan: “Artıq aşkar siqnallar var ki, hərbi situasiya kəskinləşə bilər” İDDİA

Arman Abovyan: “Artıq aşkar siqnallar var ki, hərbi situasiya kəskinləşə bilər” İDDİA

“Çiçəklənən Ermənistan” partiyasından olan keçmiş deputat Arman Abovyan“Facebook sosial şəbəkəsində iddia edib ki, Azərbaycan tərəfi öz ordu hissələrini Ermənistanla müəyyən olunmamış sərhədlərə toplayır.

“Faktiki olaraq vəziyyət gənginləşir. Artıq aşkar siqnallar var ki, hərbi situasiya kəskinləşə bilər. Misal üçün, ABŞ-ın dövlət departamenti (Ermənistandakı səfirliyi üzərindən) öz vətəndaşlarını Sünikin (Zəngəzurun-R.R.) bəzi rayonlarını ziyarət etməməyə çağırıb”, deyə Abovyan bildirib.

O, amerikalıların analoji xəbərdarlıqlarının 44 günlük müharibədən əvvəl də edildiyini xatırladıb və sual edib: “Ermənistan rəhbərliyi nə edir? Gözlənildiyi kimi hansısa şübhəli və qəribə hərəkətlərindən başqa heç nə. Bununla bağlı üç sual yaranır: Əliyevlə Paşinyanın Brüsseldəki görüşlərinin gündəmi nədən ibarətdir?

Nəyə görə Brüsseldə görüşürlər, hansı ki, Rusiya-Ermənistan-Azərbaycan arasındakı üçtərəfli görüş formatı barədə artıq bir aydır ki, danışılır? Və ən əsası... Hər hansı sənədlərin imzalanması planlaşdırılırmı? Mən indi çox korrektəliyəm, fövqəladə halda korrektəliyəm”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə