YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin büstünün üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Azərbaycan Respublikasının himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış video-rolik nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qonaqları salamlayaraq, Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatında aparıcı yer alır.
Daha sonra çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi çətin yoldan, zamanın sınağından çıxdığını bildirib. Həmin dövrə qədər Azərbaycanda baş verən hadisələri xüsusilə qeyd edib.Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinın rektoru Elçin Babayev Yeni Azərbaycan Partiyasının gələcək hədəflərindən, Prezident İlham Əliyevin bu istiqamətdə keçirdiyi islahatlardan bəhs edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, partiyamızın "qızıl fondu" olan "91-lər"in nümayəndəsi Şahlar Əsgərov partiyanın yaranma tarixindən, ziyalılarının Azərbaycanın gələcəyi üçün atdığı addımlardan, partiyanın ilk və çətin illərindən söz açıb.Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Millət vəkili Anar İsgəndərov çıxışında partiyanın yaradıcısı olan Ümumilli Lider Heydər Əliyevin hakimiyyət dövründən danışıb. O, qeyd edib ki, YAP siyasi təşkilatının yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Heydər Əliyevin müdrikliyinin, gücünün, şəxsiyyətinin məhsulu olub.
Çıxış edən Azərbaycan Respublikasının xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur Ümumilli Lider Heydər Əliyevlə olan xoş xatirələrini, Azərbaycan əsgərlərinin 44 günlük müharibədə qazandığı uğurları, Rövşənin timsalında şəhidlərimizin qisasının alındığını səsləndirib. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və partiyadakı ictimai-siyasi fəaliyyətlərinə görə bir sıra şəxslər Fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Tədbirin bədii hissəsi müğənni İlhamə Qasımova, Azərbaycan Respublikasının əməkdar artistləri Azad Şükürov, Məleykə Əsədova, xalq artistləri Teyyub Aslanov və Gülyanaq Məmmədovanın ifaları ilə yekunlaşıb.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB