Oğuz rayonunda üç şəhidin xatirəsi anılıb FOTOLAR

Oğuz rayonunda üç şəhidin xatirəsi anılıb FOTOLAR

YAP Oğuz rayon təşkilatının əməkdaşları və fəalları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan üç qəhrəman şəhidin - Zaməddinov Fərid İmran oğlunun, Lətifov Rəvan Ömür oğlunun, Rəhimli Orxan Rəşid oğlunun noyabrın 16-da anım mərasimləri keçirilib. Ziyarətçilər şəhidlərin uyuduqları Oğuzun Şəhidlər Xiyabanındakı məzarlarını ziyarət edərək, əziz xatirələrini yad edib, ruhlarına dualar oxunub.

Daha sonra partiya təşkilatının əməkdaşları və fəalları şəhidlərimizin ailələrini ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Fərid Zaməddinov 2016-cı ilin Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Fərid Zaməddinov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin "N" saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulmuşdur. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Füzuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir.

Rəvan Lətifov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təcavüzkarlarının işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüş meydanını tərk etməyib. Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Orxan Rəhimli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlərimizin hər birinin xatirəsi xalqımız üçün əzizdir. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə