"Ermənistan başa düşməlidir ki, Azərbaycan öz şərtlərində dəqiq və israrlıdır" - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Ermənistan başa düşməlidir ki, Azərbaycan öz şərtlərində dəqiq və israrlıdır" - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"44 günlük müharibədə Ermənistan silahlı qüvvələri məğlubiyyətə düçar olurdu. Beləliklə onlar işğal etdikləri ərazilərdən çıxırdılar. Hər gün işğaldan ərazilərimiz azad edilirdi. Ermənistan silahlı qüvvələri artıq müqavimət göstərmək əzmində deyildi. Belə şəraitdə Ermənistan çıxış yolu kimi Rusiyanın vasitəçiliyi ilə bəyanata imza atmağa məcbur qaldı". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O, qeyd edib ki, eyni zamanda Ermənistan bununla öz üzərinə öhdəlik də götürmüş oldu. Ağdam, Kəlbəcər, Laçın əraziləri heç bir müqavimət olmadan qaytarıldı. Ancaq Ermənistan 10 noyabr bəyanatından dərs çıxarmaq əvəzinə hesab etdi ki, siyasi bir gediş edib. Bu gediş nəticəsində də ordusunu yenidən toplayıb Azərbaycan qarşısında müqavimət göstərə bilər. İndi Ermənistanın bir çox hərəkətləri bunu xatırladır.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Amma faktiki olaraq 10 noyabr müqaviləsində Ermənistan məğlub olduğunu və geri çəkildiyini bir tərəf kimi göstərmişdi. Son vaxtlar atəşkəsin Ermənistan tərəfindən pozulması isə onun niyyətlərinin tamamilə başqa olduğunu göstərir. Bu öz məğlubiyyəti ilə barışmamaq kimi bir təəssürat yaradır. Ancaq hesab edirəm ki, bu da uzun müddət davam edə bilməz. Çünki Ermənistan üzərinə götürdüyü öhdəlikləri beynəlxalq aləmə də bəyan edib. Ona görə də, bütün bu öhdəlikləri yerinə yetirməlidir. Hesab edirəm ki, bölgədə sülhün təmin olunması üçün sülh müqaviləsinə ehtiyac var. Ermənistan hakimiyyəti, təbii ki, sülh müqaviləsinin şərtlərini Ermənistan cəmiyyətinə qəbul etdirməlidir. Ola bilsin ki, Ermənistan hakimiyyətinin bu prosesi ləngitməsi və atəşkəsi pozması bununla bağlı ola bilər. Çünki hakimiyyətin birdən-birə cəmiyyətin fikrinin əleyhinə getməsi onun istefası ilə nəticələnə bilər. Ancaq düşünürəm ki, Ermənistan hakimiyyətinin başqa yolu yoxdur. Gec-tez bu sülh müqaviləsi imzalanmalıdır. Burada beynəlxalq güclərin də təsiri var. Təbii ki, Azərbaycan Ordusunun göstərdiyi gücün çox böyük təsiri bu gün özünü göstərir. Sadəcə olaraq, Ermənistan həmişəki kimi vaxtı uzatmaq və vəziyyəti mürəkkəbləşdirmək istəyir. Ancaq Ermənistan başa düşməlidir ki, Azərbaycan öz şərtlərində dəqiq və israrlıdır. Buna görə də, nə qədər bu sülh müqaviləsinə imza atsa, bu bir o qədər Ermənistanın siyasi, iqtisadi xeyrinə olacaq. Əks təqdirdə Ermənistan Azərbaycan və onun müttəfiqləri, eyni zamanda beynəlxalq aləmdə qınaq obyektinə çevriləcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə