Qələbənin siyasi müstəvidəki davamı – KAPİTULYASİYA - TƏHLİL

Qələbənin siyasi müstəvidəki davamı – KAPİTULYASİYA - TƏHLİL

Ermənistan tərəfi çox “rəşadətli” adlandırdığı dırnaqarası ordunun, əslində isə terrorçu və işğslçı silahlı birləşmələrin uğursuzluqlarını, sözün əsl mənasında rəşadətli Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi tarixə qədər yalnız ört-basdır etməyi bacardı, amma Xankəndinin belə təhlükə altında qaldığını dərk etməklə, dərhal diz çökmək qərarına gəldi. Uzaqgörənliyi, qətiyyəti, liderlik keyfiyyətləri ilə bütün dünyada tanınan Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbətrliyi ilə rəşadətli, cəsur Azərbaycan Ordusu nəinki erməni mifini darmadağın etdi, hətta onları ən rəzil bir hala saldı ki, bu rəzalət damğası alınlarına əbədi olaraq həkk olundu.

Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, eləcə də, işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qısa müddətə inanılmaz uğurlar və mükəmməl qələbə ilə tamamlandı. Ən qısa zaman fasiləsində, cəmi 44 gün ərzində erməni silahlı birləşmələri darmadağın edildi, düşmənin müqaviməti tamamilə qırıldı və düşmən çıxılmaz vəziyyətə düşdü. Beləliklə, Ermənistan Azərbaycan qarşısında diz çökmək, kapitulyasiyasını elan etmək məcburiyyətində qaldı. Daha doğrusu buna məcbur edildi və məhz bu, bizim uğurumuz, qələbəmizdir.

Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi və düşmənin ağ bayraq qaldırmaq, kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Bəli, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bu, Ermənistanın döyüş meydanında məğlubiyyətini dərk etməsinin, qəbul etməsinin etirafıdır. Məğlubiyyətini qəbul və etiraf edən Ermənistana kapitulyasiya şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu qoyulmadı və Azərbaycan öz torpaqlarını az qala 30 ilə yaxın müddət ərzində işğalda saxlayan düşmənini diz çökdürdü. Diz çökən düşmənin bir sıra əraziləri döyüşsüz, müqavimətsiz belə tərk etməsi özü də çarəsizliyin, məğlubiyyətin əlaməti, təsdiqidir ki, bütün dünya bunun əyani şahidi oldu.

Hərb tarixinə yenilik olaraq düşən bir strategiya tətbiq edən Azərbaycan, ən müasir silahlardan istifadə etməklə, minimum itkilərlə maksimum uğurlu nəticələr əldə edə bildi və qısa müddət ərzində düşmənin bütün hərbi texnikası məhv edildi, canlı qüvvəsi darmadağın edildi. Cəsarətlə deyə bilərik ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Çünki, cəmi 44 gün davam edən bu əməliyyatlar öyrənilir və dünyanın bir sıra hərbi məktəblərində tədris edilir. Etiraf etmək lazımdır ki, yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı həqiqətən də Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir və bu səhifəni hələ də bütün dünya araşdırır. Ona görə ki, Şuşa əməliyyatı heç də ağır artilleriyanın, döyüş maşınlarının, zirehli texnikanın, yaxud müasir silahların gücü ilə deyil, yüksək hərbi peşəkarlıqla və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə reallaşdı. Şuşa əməliyyatı zamanı Xankəndidə olan hospityallara daşınan erməni yaralılarında ancaq bıçaq və tapança yaralarının olması azərbaycanlı döyüşçülərin, əsgər və zabitlərimizin, hərbçilərimizin hansı qəhrəmanlıqla döyüşdüyünün isbatıdır, hansıki bunu erməni maraqlarını müdafiə edən xairici mənbələr, kütləvi informasiya vasitələri belə etiraf edirlər.

Hərbi əməliyyatları dayandırmaq üçün Ermənistan və onun havadarları Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərməkdə idisə də buna nail ola, əməliyyatları dayandıra bilmədi. Bir sözlə, bütün dünya erməniliyi, onların havadarları birlikdə cənab Prezidentin, Ali Baş Komandanın iradəsini qıra bilmədi. Ölkə rəhbərimizin əzmini, lderlik keyfiyyətlərini hər kəs gördü və əmin oldu ki, cənab Prezident İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etmək iqtidarındadır və heç zaman öz prinsipial mövqeyindən qətiyyən dönən deyil. Təbii ki, buna əmin olan və bunun şahidi olan ermənilərə kapitulyasiya sənədini imzalamaqdan, diz çökməkdən başqa çarə qalmadı ki, bununla da Ermənistan tərəfi məğlubiyyətini rəsmiləşdirən sənədə öz imzasını atdı, azərbaycanlılar haqqında ermənilərin formalaşdırdıqları məğlub xalq sindromu sındırıldı və qalib xalq olduğumuz rəsmi şəkildə, sənədlə etiraf edildi.

Azərbaycan Ordusunun qüdrəti qarşısında tab gətirməyən Ermənistanın rüsvayçı məğlubiyyətə düçar olmasından, bu ölkənin kapitulyasiya aktına imza atmasından düz bir il ötür və məhz bu tarix, yəni, 10 noyabr tarixi bizim üçün böyük önəm daşıyır, olduqca da qiymətli, qürurvericidir. Çünki, Ermənistan faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi və həmin ana qədər pafoslu açıqlamaların arxasında gizlənən, dırnaqarası “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini, olmadığını görüb, acizliklərini, məlubiyyətlərini, bu mübarizədə uduzduqlarını etiraf etdilər. Həm də ermənilərin “başbilənləri” bununla Azərbaycanın qalib olduğuna da imza ataraq şahidlik etdilər. Əbəs yerə deyildi ki, paytaxt Bakıda, eləcə də Azərbaycanımızın bütün bölgələrində vətəndaşlarımız qələbə sevincini yaşadığı zaman, Ermənistanda təlatümlər, küçələrə axışaraq parlament binasına insanların hücum etməsi müşahidə olunurdu ki, erməni xalqı düşdüyü müsibətin, düçar olduğu məğlubiyyətin səbəbkarını axtarmaqla məşğul idi. Düzdür, ermənilər tapmaq istədikləri səbəbkarın heç izinə belə düşə bilmədilər, hansıki, üçtərəfli sənəd imzalananda belə onun harda olduğu, sənədi harada imzaladığı bəlli deyildi, heç bu günə qədər də bəlli olmayıb.

Təbii ki, kapitulyasiya sənədinə harada, hansı şəraitdə və necə imza atmasından asılı olmayaraq erməni baş nazir Nikol Paşinyan Ermənistanın məğlubiyyətinə imza atdı. Bu imzası ilə erməni baş nazir Azərbaycanın qələbəsini qəbul və etiraf etdi. Ölkənin baş nazirinin imzası ilə təsdiq olunan Ermənistanın təslimiyyətinin bütün dünya şahidi oldu. Haqsız, özü də işğalçı olduqları halda, bir zamanlar dəstək duran, müharibə zamanı belə bu işğalçıların tərəfini saxlayan Fransadan tutmuş, işğalçılara yardımlar edən bəzi dövlətlərə, ermənilərin havadarlarına, erməniprəst qüvvələrə, bütün dünyaya səpələnən erməni lobbisinə qədər hamı şahidi oldu ki, Azərbaycan qalib, Ermənistan məğlubdur. Şahidi oldular ki, bu qədər çox olmalarına baxmayaraq Azərbaycana qalib gələ bilmədilər və onların buna gücü yetmədi, ölkəmiz onların birliyindən də güclü, qüdrətlidir. Məhz bu prizmadan yanaşdıqda da Ermənistanın kapitulyasiya sənədini imzalaması çox böyük önəm daşıyır və Azərbaycan tarixinə bu gün qızıl hərflərlə yazıldı.

Azərbaycanın hərb meydanında qələbələrinin ardınca təbii ki, rəqib tərəfin təslimiyyəti fonunda razılaşmalar olmalı idi və oldu da. Düşmən, bir çox ərazilərin müqavimətsiz şəkildə böşaldılması, silahlı birləşmələrinin ərazidən çıxarması və digər məsələləri öz üzərinə müxtəlif öhdəliklər şəklində götürmək məcburiyyətində qoyuldu. Bir sözlə, Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı oldu. Məhz buna görə də, həmin o 10 noyabr günündən illər keçsə də unudulmaz gün olaraq yaddaşlardan silinməyəcək və Azərbaycanın şanlı tarixində qızıl hərflərlə yazılan bu gün hər zaman qürurla xatırlancaq. Çünki, bu tarix haqq savaşımızın qalibiyyətlə başa çatdığının, düşmənin isə rüsvayçılıqla məğlub olduğunun bütün dünya qarşısında etiraf edildiyi tarixdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə