QALİB ÖLKƏNİN QÜRURLU VƏTƏNDAŞI

ALİ BAŞ KOMANDANIN RƏHBƏRLİYİ İLƏ ŞƏHİDLƏRİMİZİN CANI-QANI BAHASINA QAZANILAN BÖYÜK ZƏFƏRİN BİR YAŞI MÜBARƏK AZƏRBAYCAN!!!

Təqvimdə yer alan 12 aydan biri - noyabr mənim üçün ən qiymətli aylardan biridir. Yox ki, bu ayda dünyaya göz açmışam. Əsas Ana Yasamız - Konstitusiya Günü və dövlətimizin əsas atributlarından biri - Bayraq Günü məhz, noyabr ayına təsadüf edir. Ancaq etiraf edim ki, bizə Böyük Zəfər qazandıran Vətən Müharibəsindən sonra bu aya olan sevgim 2-3 qat artdı. Təkrar-təkrar, böyük sevinclə xatırlatmaq yerinə düşər: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə son 200-250 illik tariximizdə ilk dəfə bu səviyyədə torpaq bütünlüyümüzlə əlaqədar inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Talış, Suqovuşan kəndləri, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı, türk dünyası, dünya Azərbaycanlıları üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan qurtuldu. Qarabağın tacı, musiqimizin beşiyi, mədəniyyətimizin paytaxtı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Şuşanın xilas əməliyyatını xüsusi qeyd etməklə, əsla digər rayon, kənd, qəsəbələrin azad olunması əməliyyatlarının əhəmiyətini azaltmaq fikrində deyiləm. İşğaldan qurtulan hər bir qarış torpağımız şəhidlərimizin müqəddəs qanı ilə alınıb. Əminəm məktəblərimizdə tədris olunacaq “Vətən Müharibəsi” tarixi dərsliyinə rayon, şəhər və kəndlərdən tutmuş strateji yüksəkliklərə qədər hər birinin düşmən tapdağından xilas edilməsində qəhrəman igidlərimizin göstərdiyi şücaət təfsilatı ilə yazılacaq və bununla da onları daha yaxından tanımaq imkanlarımız olacaq.

Ancaq Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Bunun ardınca noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də isə Laçın rayonun sülhlə, bir güllə atmadan, şəhid vermədən işğaldan azad edilməsi ölkəmizin növbəti hərbi-diplomatik uğurlarının nəticəsi kimi XXI-ci əsrin tarixinə şərəflə yazılan ilklərimizdən oldu.

Bu qələbəmizin qazanmasında iki məqamı da unutmamalıyıq. Birincisi, xalqımızın birliyi, Ali Baş Komandanın bir çağrışı ilə bütün qüvvələrin “Dəmir Yumruq” ətrafında birləşib bir hədəfə vurmasıdır. 44 gün müddətində xalqımızın ürəyinin döyüşən əsgərlərimizin ürəyi ilə bir döyünməsi qürurverici idi. İmkanlı şəxslərdən tutmuş kasıb vətəndaşlarımıza qədər hər kəs bacardığı formada orduya dəstək göstərirdi. Kimisi aldığı təqaüdünün son qəpiyə qədərini Silahlı Qüvvərin Yardım Fonduna köçürür, kimi cəbhəyə yol alan hərbi yük maşınların qarşısını kəsib, bağ-bağçasından topladığı meyvə-tərəvəzi onlara verir, kimisi isti xörək hazırladıb, bəlkədə minbir əziyyətlə yetişdirdiyi həyətinin heyvanını kəsib, kabab çəkərək əsgərə yollayırdı. Bu emosional səhnənələri göz yaşları ilə izləməmək, sadəcə qeyri-mümkündü. Bütün bunları gördükdə bir daha azərbaycanlı, bu vətənin övladı olmağımla fəxr etdim.

İkinci xatırlatmalı məqam Ali Baş Komandanın Vətən müharibəsi günlərində bir çox sahələrdə olduğu kimi, informasiya siyasətinə də rəhbərlik etməsiylə bu informasiya savaşında da yeni yanaşmaları ortaya qoymasıdır. Müharibənin ilk dəqiqələrindən baş verən hadisələrin obyektiv, düzgün olaraq ölkənin birinci şəxsinin dilindən dünyaya bəyan edilməsi (dünyanın təxminən 30-a yaxın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələr verilib) bu sahədə baş verə biləcək arzuolunmaz hadisələri önlədi və ən əsası Azərbaycanın haqq səsinin eşidilməsində, ermənilərin uydurduğu yalanlarına özlərindən başqa heç kimin inanmamasında həlledici rol oynadı.

Diqqətçəkən məsələlərdən biri də haqlı olaraq ölkə daxilində sosial şəbəkələrə çıxış imkanlarının məhdudlaşdırılması idi. Çünki düşmənlərimizin I Qarabağ müharibəsində ön cəbhə xəttinə yaxın olan rayon sakinləri arasında yaratdığları ajotaj vəziyyət bir çox hallarda işğal olunan yaşayış məntəqələrinin öncədən boşaldılmasına səbəb olmuşdur. Ona görə həyata keçirilən qabaqlayıcı tədbirlər müharibənin təkcə hərbi cəbhədə deyil, həm də siyasi - diplomatik müstəvidə, informasiya cəbhəsində baş verdiyinin bir daha əyani şahidi olduq.

Artıq müharibə tarixdə qalıb. Baxmayaraq bəzi revanşist qüvvələr və onlara dəstək verənlər hələ də yanlış düşüncə ilə yaşayırlar. Ali Baş Komandanın da qeyd etdiyi kimi bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq: “İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik”.
Ancaq bununla yanaşı, Azərbaycan xilas etdiyi torpağı quruculuq mərkəzinə çevirib, qısa müddət keçməsinə baxmayaraq sözül əsl mənasında bir il bundan əvvəl erməni tapdağında olan xarabalıqlarda möcüzələrə imza atılır. Bu günlərdə 8 aya başa gələn Qarabağın hava qapısı – Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışına təşrif buyuran türk dünyasının ən böyük lideri cənab Rəcəb Tayyib Ərdoğan gördüklərindən təccübünü gizlətmədi və “Azerbaycanın bu kurtarılmış bölgelerinin kısa sürede gerçekten nasıl canlandığını ve hızla geliştiğini gördük. Bu her baba igidin, her siyasi liderin karı deyil” fikirləri ilə həm ölçüyəgəlməz işlərin əhəmiyyətini dəyərləndirməklə, onu reallaşdıran dövlət başçımızın əməyinə ən böyük qiyməti verdi, eyni zamanda bu baş verənləri qısqanclıqla qarşılayanlara da populist çıxışlarla yox, əməli işlərlə dünyanı zərxarəyə çevirməyin mümkünlüyünü anlatmış oldu. Bu haqda hələ çox deyiləcək və yazılacaq. Amma bu gün diqqət mərkəzində olan Böyük Zəfərimizin 1 yaşının tamam olmasıdır. Ölkə rəhbərinin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Müzəffər xalqımız bu il ilk dəfə Zəfər bayramını böyük çoşqu və qürur hissi ilə qeyd edirlər. Şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edərək, əzəli və tarixi torpağımız olan Qarabağ və ətraf əraziləri düşmən işğalından azad ediblər, bununla da ərazi bütövlüyümüz bərpa olunub.
Bütün bunlara görə bu şərəfli tarixi bizə qürurla qeyd etməyi nəsib edən canlarından, qanlarından keçən minlərlə şəhid vətən oğullarımıza Allahdan rəhmət, qaziərimizə sağlamlıqlarına tam qovuşmağı diləyirik, Vətən müharibəsi iştirakçılarına sonsuz təşəkkürümüzü bildiririk. Onlar erməni vandallarının daşı daş üstünə çevirdiyi topağı öz qanları ilə qarışdıraraq VƏTƏN etdilər. Üç minə yaxın şəhid övladlarımız “vətən eşqi” məktəbində can verməyi öyrəndilər və bizə öyrətdilər ki, ruh bədəndən ayrı mövcud olmadığı kimi Qarabağsız Azərbaycan heçdir. Yaralanmış qartalın qanadını sağaltmaq və vətənin bir parça hissəsini zalımların əlindən qurtarmaqla vətən torpağında pay olmadığını sübut etmək üçün silaha sarılıb çıxış yolumuzun ya birdəfəlik azad olmaq, ya da tamamilə yanmaqdan keçdiyini və sonda yalnız Azadlığın can Azərbaycanın yaralarına məlhəm olduğunu canları, qanları hesabına təmin etdilər.
İkinci Qarabağ savaşının simasına çevrilən, əfsanələşən şəhid, qazi qəhrəmanlarımız haqqında mütəmadi olaraq sosial şəbəkələr, media vasitəsi ilə məlumatlar aldıqca, həm onların böyük əksəriyyətinin həyatdan, yaşayıb yaratmaqdan tam zövq almadan əbədiyyətə köçmələrindən dərin təəssüf hissi, digər tərəfdən qəhrəmanlıqlarından yazılan roman, oçerk, şərqilərə sığmayan belə qorxmaz igidlərin yaşatdığı ölkənin vətəndaşı, xalqının nümayəndəsi olmaqdan şərəf hissi keçirdik. Ölməz Cavid əfəndimiz məhz belə qəhrəmanlıqlardan riqqətə gələrək – “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir!” – demişdir.
Bəzən Vətən Müharibəsində dastan yazan o qəhrəmanlarımızın sözlə ifadə etməkdə çətinlik çəkdiyim igidlik nümunələrini gördükcə, düşünürəm Ya Rəbbim onlar bu vətənin gözəlliklərini doyunca yaşamadan onu necə belə sevə biliblər? Ancaq çox düşünmədən də dərhal cavabımı alıram: məgər onu dünyaya gətirən ana şirin laylaları ilə körpəsinə ilk növbədə vətəni beşikdən məzara qədər sevməyi öyrətmirmi, “vətəninə göz dikəni əz oğlum, dostun kimi düşməni seç oğlum, bütün bunları bir tərəfə yaz oğlum” deyərək, tək oğlunu belə ilk gündən vətəninin dar günü üçün yetişdirmirmi?

Qəribə olan odur ki, bədnam qonşularımız niyə Azərbaycanın tarixən qəhrəmanlar, igidlər ölkəsi olduğunun fərqinə varmaq istəməmişlər. Heç kəs anadan qəhrəman doğulmur, atam balası. O fərd kimi dünyaya gəlsə də onu sonsuz vətən sevgisi, halal zəhmətlə yetişdirən, şəxsiyyət kimi formalaşdıran mühüt var, o səndə yoxdur. Başqasının torpağına gəlib saxta dövlət yaratmaq, düşüncəsindən davranışına qədər yalan üzərində qurulan, nankorluğu, xəyanəti mövcudluq forması, yaşam tərzi seçənlərdən Koroğlu doğulmaz, olsa da kor kişinin oğlu olacaq. Bizdə olanlardan hansından danışaq: qəhrəmanlığı ilə dünyanı heyrətə salan Mübariz İbrahimovlar, igidliyi ilə təkcə vətənimizə deyil, bütün türk dünyasına qürur yaşadan Polad Həşimovlar, vətən adı gələn kimi könlünü dastana çevirən Xudayar Yusifzadələr, könüllü döyüşə yollananda tək varlığı olduğu anasına “bax, ağlasan, küsərəm-inciyərəm” deyib, ona təsəlli verən Vüsal Allahverdiyev, “müharibə başlasa gedib, şəhid olmaq istəyirəm” deyən Bəhram-İman qardaşları, və eləcə də Ruhidlər, Şahinlər, Çərkəzlər və neçə-neçə igidlərimiz var olub, yenə olacaq.

Əziz igid qəhrəmanlarımız – şəhidlərin əmanətləri, qazilər və vətən qəhrəmanlarımız bu dəfə sidqi ürəkdən, könül xoşluğu ilə qeyd etdiyimiz 8 noyabr - Zəfər Günü ilk olaraq Sizin bayramınızdır. Biz “Dəmir Yumruq” olan millət kimi bu bayramı Sizi və yazdığınız, dillər əzbərinə çevrilən dastanlarınızı, şərqinlərinizi doya-doya dinləmək üçün qeyd edirik. Siz müqəddəs şəhidlik, qaliblik, qazilik zirvəsinə ucalaraq xalqın qəlbində məbəd qurdunuz ki, biz vətənimizdə əmin-amanlıq içərisində qürurla yaşaya bilək. İndi növbə bizimdir: əziz şəhidlər sizin cisminiz torpaq altında olsa da, müqəddəs ruhunuz, qiymətli anılarınız qəlbimizdədir. Siz bizim yaşamağımız üçün günahsız canlarınızı qurban etdiniz. İndi növbə bizimdir: Müqəddəs xatirənizi və qoyub getdiyiniz əmanətinizi göz-bəbəyi kimi qoruyub yaşatmaq. Ruhunuz şad, məkanız cənnət olsun!!!

Əfsun Sucayev
AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, k.e.d., dosent

Bütün xəbərlər Facebook səhifəmizdə