İsmayıllıda şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ildönümü keçirilib

İsmayıllıda şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ildönümü keçirilib

İsmayıllı rayonunda 44 günlük Vətən müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda öz canından keçən şəhid qəhrəmanımız polkovnik-leytenant Ruslan Tağıyevin ildönümü ilə bağlı anım mərasimi təşkil olunub. Tədbirdə YAP İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Novruzəli Aslanov, Tahir Kərimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım mərasimində şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Şəhid valideynləri dövlətin göstərdiyi diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tağıyev Ruslan Fuad oğlu 1982-ci il iyunun 12-də İsmayıllı rayon Qubaxəlilli kəndində dünyaya göz açıb. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant olmuşdur. 2003-cü ildə hərbi məktəbi müvəffəqiyyətlə bitirərək, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda "N" saylı hərbi hissədə 5-ci tabor kəşfiyyat tağım komandiri kimi hərbi xidmətə başlamışdı. 2005-ci ildə Naxçıvan M.R. Kəngərli rayonu "N" saylı hərbi hissəsində kəşfiyyat bölük komandiri vəzifəsinə irəli çəkilir. 2010-2012 ci illərdə Naxçıvanın Culfa rayonunda "N" saylı hərbi hissədə Kəşfiyyat bölmə rəisi vəzifələrini icra etmişdi. 2014-2017-ci illərdə Şəmkir rayonu "N" saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi, 2017-2020-ci illərdə "N" saylı hərbi hissəsində baş zabit vəzifəsində çalışmışdı. Naxçıvanda qulluq edərkən Günnüt əməliyyat planının hazırlanması və icra olunmasında iştirak etmişdir. Fəaliyyətinə görə, vaxtından əvvəl ona kapitan rütbəsi verilmişdi. 2019-cü ilin fevral-avqust aylarında Çin Xalq Respublikasında təkmilləşdirmə kursunu bitirmişdi. Növbəti arzusu Türkiyədə ATASEREN-də (Milli Savunma Universitesi) doktorantura təhsilini almaq idi və bununla bağlı imtahanlardan da keçmişdi. Oktyabr ayında təhsilə başlayacaqdı, lakin bu arzusu ona qismət olmadı. Tale arzularını başa çatdırmasına imkan vermədi.

Müharibə başlayanda Ruslan Tağıyev artıq polkovnik-leytenant idi. Tağıyev Ruslan Fuad oğlu 2020-ci il noyabrın 4-də Vətən müharibəsində Laçın istiqamətindəki döyüşlərdə ürəyindən aldığı qəlpə yarasından şəhid oldu. Hər zaman qəlbində vətənpərlik hissi ilə yaşamış, bu yolda öz canını da qurban vermişdi və son nəfəsində isə tək istəyi son bir dəfə övladlarının qoxusunu nəfəsinə çəkmək idi. Özündən geriyə isə 3 övladı - 12 yaşlı Fuad, 8 yaşlı Polad və 3 yaşlı Nurayı bizlərə əmanət qalıb.

Ruslan Tağıyev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anırıq.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə