Zərdabda Vətən müharibəsi şəhidi gizir Turan Muradovun ildönümü qeyd olunub

Vətən müharibəsində şəhid olmuş Zərdab rayonu Körpükənd kəndindən olan gizir Muradov Turan Vaqif oğlunun ildönümü qeyd olunub. Tədbirdə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova və bir qrup YAP fəalları, rayon icra hakimiyyəti aparatının digər nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, DTX-nin Zərdab rayon şöbəsinin rəisi, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, rayon Gənclər və İdman idarəsinin rəisi və Təhsil şöbəsinin müdiri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra iştirakçılar şəhidin doğulub boya-başa çatdığı evində olub, vəfatının ildönümünə həsr olunmuş mərasimdə iştirak edib, ailə üzvləri və yaxınları ilə görüşüblər.

Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə Turanın da payının olduğunu bildirib. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söz açan icra başçısı illər keçsə də, Turan kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb. Rayon rəhbəri Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək, azad edən şəhidlərimizlə illər keçsə belə, hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zərdabın igid oğullarından biri olan Turanın təkcə zərdablıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha diqqətə çatdırıb. "Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin bizim qayğımıza, diqqətimizə ehtiyacı var. Bizim də hər zaman borcumuzdur ki, həmin qayğını onlara hiss etdirək, dəstəyimizi onlardan əsirgəməyək. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, bu hər kəsə örnək olmalıdır", – deyən icra başçısı Zərdabda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb.

Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Şəhid gizir Turan Muradov Prezident Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə (ölümündən sonra) "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...