“İki qardaş Prezident bu məsələləri konfidensial olaraq müzakirə edəcəklər” - ŞƏRH EDİLDİ

“Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfər etməsinin bir neçə səbəbi var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, birincisi Ərdoğan Afrikadan qayıdanda artıq İrana yüksək səviyyədə mesaj verdi ki, Azərbaycan tək deyil, biz Azərbaycanın yanındayıq: "Düşünürəm ki, o bu məsələ ilə bağlı gələcək. İkincisi isə Ərdoğan birmənalı şəkildə Füzuli hava limanına enməlidir. Üçüncüsü isə həmin tarixdə gəlməsi Qarabağın azad olunmasının dönüş nöqtəsidir. Artıq 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu işğaldan azad olunmuşdu, Laçın kolidoruna Azərbaycan Ordusu girmişdi və Şuşa ətrafında döyüşlər gedirdi. Bütün bunların hamısı heç də təsadüfi seçilməyib. Azərbaycana gəlməklə bu sadaladığım məsələlərə bir münasibətdir.

Eyni zamanda Azərbaycan ilə Ermənistan arasında danışıqlara yeni bir istiqamət verməkdir. Çünki bildiyimiz kimi bundan öncə Ərdoğanın Putinlə görüşü baş tutdu. Həmin görüşdəki bütün konfidensial məsələlər nə telefon danışıqları ilə, nə də başqa yollarla gündəmə gətirilmir. İki qardaş dövlətin iki qardaş Prezidenti bu məsələləri konfidensial olaraq müzakirə eləyəcəklər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə