İrimiqyaslı layihələr işğaldan azad olunan ərazilərə yeni həyat verir RƏY

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımız azad olundu və tarixi ədalət bərpa edilərək, şanlı Zəfər tariximiz yazıldı. Cənab Prezidentin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apararaq, dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu və bu gün dünyanın bir çox aparıcı dövlətləri Azərbaycanın hərb modelini öyrənir". Bu sözləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov bildirib.

O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini gördü: "Mülki, dinc insanların hədəfə alınması, yaşayış yerlərinin dağıdılması erməni vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalaraq dağıdılan, talan edilən ərazilərimizdə bu gün Cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyat yenidən dirçəlir. Cənab Prezidentin bildirdiyi kimi, yeganə rəqibimiz zamandır. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi üçün irimiqyaslı layihələr reallaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni faşistlərinin törətdiyi vəhşiliklərlə tanış olur, tapşırıq və göstərişlərini verir. Oktyabrın 20-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər edərək, bu ərazidə aparılan quruculuq-abadlıq, yenidənqurma işləri ilə tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Cənab Prezident bildirib ki, "Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir". Bu gün digər ərazilərdə olduğu kimi, Zəngilan da böyük quruculuq məkanına çevrilib. Müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında aparılan bərpa işləri keçmiş məcburi köçkünlərin həyat şəraitinin hərtərəfli təminatına yönəlib. Cənab Prezident "İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır", - deyərək, yaxın aylarda buranın baş planının təqdim ediləcəyini ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırıb".

N.Bünyatov Zəngilanda "Ağıllı kənd" pilot layihəsinin həyata keçirildiyinə nəzər salaraq, bu layihə əsasında geniş ərazidə tikinti işlərinin aparıldığına diqqət çəkib. Qeyd edib ki, "Ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılır: "Fərdi yaşayış evinin, məktəbin, uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. "Bu gün Mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq", - deyə dövlət başçısının bildirməsi görülən işlərin sürətlə aparılmasının təzahürüdür. Bu ərazidə Cənab Prezidentin bildirdiyi kimi, artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İşğaldan azad olunan ərazilərdə qısa bir zaman məsafəsində kompleks işlərin görülməsi Azərbaycanın iqtisada gücünün, dinamik inkişafının göstəricisidir".

N.Bünyatov qeyd edib ki, Cənab Prezidentin Zəngilanın ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəyini bildirməsi reallıqlara söykənir: "Dövlət başçısının Zəngilana səfəri çərçivəsində "Zəngilan" yarımstansiyasının açılışı görülən işlərin davamıdır. "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlər, eyni zamanda Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün yaradılan zəruri şərait bu ərazinin tezliklə dirçəldilməsinin təzahürüdür. Dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfəri zamanı yeni layihələrin təməli qoyulur. Bu gün Füzüli, Şuşa, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Beynəlxalq hava limanlarının tikintisi, yeni yolların çəkilməsi, Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi və s. bu ərazilərin müasir şəhərə çevriləcəyindən xəbər verir. Eləcə də, tarixi memarlıq abidələrimizin bərpa və təmir olunması işləri davam etdirilir. Əlbəttə ki, həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimizdə infrastruktur yenidən qurulacaq, bərpa və təmir olunacaq, müasir mərkəzə çevriləcəkdir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə