İqbal Ağazadənin ciddi ittihamı: İsa Qəmbərin sovet nomenklaturası TƏRS BAXIŞ

Yaxud, Müsavatın qərargahından çıxan torba-torba pullar hara getdi?

2003-cü ilin 15-16 oktyabr hadisələri ətrafında bu gün də və əsasən müxalifət daxilində aparılan qızğın müzakirələr qızğın mübahisələrə əvəzlənir və həmin mübahisələr kəskin ittihamlara, suçlamalara, hətta dava-dalaşlara qədər inkişaf edir. Söz yox ki, hər dövr bir tarixdir və bu tarixin pis səhifələri də olur, yaxşı səhifələri də. Amma elə səhifələri də olur ki, həmin səhifələr “qara səhifə” adlandırılır.

Bax, 2003-cü ilin oktyabrı xalqımız üçün, dövlətimiz üçün yeni səhifə açsa da, bu səhifəni qaralamağa çalışan qüvvələr də olub və onların əksər çoxu hazırda da siyasi gündəmdə qalmaqda davam edirlər. Kimiləri nə qədər səhvə yol verdiklərini anlayaraq susur, kimiləri də hələ kütlə eyforiyası ilə küçədə 2000-ci illərin əvvəlləri olduğunu öz sağalmaz, xəstə təfəkkürü ilə sanmağa davam edir. Necə deyərlər, öz işləridir, amma...

Onun ciddi siyasətçi olduğunu da nəzərə alsaq...

Məsələ ondadır ki, bugünlərdə məhz 2003-cü ilin 15-16 oktyabr iğtişaşlarında baş rollardan birini almış Ümid Partiyasının sədri İqbal Ağazadə həmin vaxtlarda keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayaraq özünü “prezident” elan edən İsa Qəmbəri ittiham atəşinə tutub. Halbuki, həmin gün “Azadlıq” Meydanında sosialist inqilabının rəhbəri olmuş Vladimir İliç Leninin sökülən heykəlinin pyedestalı üzərinə çıxan da, əlini Lenin kimi irəli uzadaraq başıpozuq kütləyə “irəli” əmrini verən də elə İqbal Ağazadə olub. Bəlkə də indi həmin hadisələrə görə peşman olduğunu, İsa Qəmbər kimi siyasi dələduza dəstək göstərməsinə görə qəlbən təəssüf etdiyini düşünən Ümid Partiyasının sədri indi-indi həmin səhvlərini anlayaraq açır sandığı, tökür pambığı. Pambıqların işindən isə çıxan xəbərlərə görə, məhz həmin vurhavurda Qərb dairələrindən Müsavat Partiyasının qərargahına pul-paralar torba-torba axırmış!

Əbəs deyil ki, İqbal Ağazadə 2003-cü ilin oktyabrında Müsavatın qərargahından külli miqdarda pulun daşınması haqqında münasibət bildirib. Onun ciddi siyasətçi olduğunu da nəzərə alsaq, əslində, iddiasının həqiqət olduğuna da şübhə etməyə bilərik. Çünki sözügedən ərəfələrdə başda Norveçin Azərbaycandakı səfiri Steynar Gil olmaqla bir çox xarici səfirliklər və eləcə də Soros fondunun Bakı ofisi radikal müxalifəti öz ardıcıl maliyyələri ilə dəstəkləyirdilər. Bu isə faktdır!

Edə bilərdi, amma etmir...

İndi İsa Qəmbər İqbal Ağazadənin ittihamlarını, yaxud faktlarını rədd edir, “şayiələrə baş qoşmaq olmaz. Əlində fakt varsa, ortaya qoysun. Bu cür böhtanlara yer yoxdur”, tipli ifadələri ilə özünü “mələk” kimi təqdim edir, onun dediklərinin mənasız, əsassız olduğunu, həqiqətəuyğun olmadığını bildirir və s. Ancaq kimə deyirsən?

Bilən-bilir ki, həmin vaxtlarda İqbal Ağazadə ilə İsa Qəmbərin arasından su da keçmirdi və onların arasında çoxsaylı sirrlər mövcud idi. Onlardan da biri məhz pul-para məsələsidir. Əgər bu gün İsa Qəmbər sahib olduğu nəyi varsa, məhz qərargahdan daşıtdırdığı pul torpaları hesabına nail olub, dövlətinin, ölkəsinin maraqlarını xarici ağalarına satması ilə. İndi də çəkilib-oturub bir kənarda, sanki heç nə olmayıbmış kimi. Məgər bircə dəfə də özünü dürüst aparıb İqbal Ağazadənin ittihamları qarşılığında “bəli, həqiqətdir, dövlət maraqlarını satıb, pullar qazanmışam və bu gün həmin əməllərimə görə peşmanam” etirafını edə bilməzdimi? Çünki onun cürəti çatmır.

Bütün bunların yerinə isə yenidən ortalığa çıxıb özünü “istefa verən partiya rəhbəri nümunəsi” tipində zorla ictimai rəyə sırıyır, deyir tutar qatıq, tutmaz ayran...

Nə isə, Ümid sədrinin ittihamını, ya da xatırlamasını bildik, özü də ciddi qəbul etdik. Müsavatın sabiq başqanının isə nala-mıxa döyəcləməklə sovet nomenklaturası tipində “şayiələrə uymayın!” cavabını qeyri-ciddi qəbul etdik. Bəlkə Müsavatın sabiq başqanı o möhtəşəm qəlyanından dərin və siyasi xarakterli qullab vurmaqla həyatında bir dəfə də doğru tüstü püləsin (?).

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, Ümid Partiyasının sədri İqbal Ağazadə Allahtərəfi həmişə deyib ki, İsa Qəmbər onları meydanda tək qoyub-qaçdı...

Bütün xəbərlər Facebook səhifəmizdə