"Ermənistan üçün yeganə çıxış yolu budur" - DEPUTAT REAKSİYA VERDİ

“Ermənistanda daxili vəziyyət həqiqətən çox gərgindir və çox güman ki, mərkəzi idarəçilik sistemində də ciddi pozuntular var. Bununla yanaşı Ermənistan tərəfi çox istəyir ki, təxribatları artırmaqla Rusiya sülhməramlılarını hansısa formada digər müttəfiqləri ilə əvəzləsin”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, Ermənistanın hazırda müttəfiq dəyişmək fikri var: “Onlar elə başa düşür ki, özlərinə müttəfiq bildikləri hansısa başqa bir dövlət rusları əvəzləsə, Ermənistanın vəziyyəti dəyişə bilər. Lakin Ermənistanın vəziyyətinin yaxşıya doğru dəyməsinin yeganə yolu sülh istiqamətində ciddi addımların atılmasından keçir”.

A.Mollazadə vurğulayıb ki, bunun üçün də Ermənistan ərazi iddialarına son qoymalı, Azərbaycanla sürətlə sülh sazişi üzərində işləməli, delimitasiya və demarkasiyanı həyata keçirməli və kommunikasiyaları açmalıdır: “Ermənilər üçün vəziyyətdən çıxış yolu bundan ibarətdir. Çox təəssüf ki, onlar öz təxribatlarını davam etdirirlər və unudurlar ki, dəmir yumruq onları yenidən cəzalandıra bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...