"XİN rəhbərlərinin görüşündə əsas iki məsələ müzakirə olunacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"XİN rəhbərlərinin görüşündə əsas iki məsələ müzakirə olunacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əslində, heç kimə sirr deyil ki, hazırda Cənubi Qafqazda gedən proseslərin əsas moderatorları Cənubi Qafqazdan kənardadır. Yəni, bu dəqiqə əsas danışıqlar Türkiyə və Rusiya arasında gedir. Və bu zaman Türkiyə Azərbaycanın mövqeyini öyrənib ortaya qoyur. Rusiya isə Ermənistanın mövqeyini müdafiə edərək ortada olur. Təbii ki, mən qeyd etdiyim kimi bu tərəflər Qafqazda olan ölkələrin, yəni Azərbaycanla Ermənistanın maraqlarını nəzərə alırlar. Bu danışıqlarda prinsipsial razılıq əldə olunandan sonra artıq tərəflər özü birbaşa danışıqlara gedir". Bunu SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən qeyri-adi bir şey gözləməyin yeri yoxdur. Təbii ki, rəsmi elan olunsa-olunmasa da bu görüşdə əsasən iki məsələ müzakirə olunacaq. Daha doğrusu, əsas bir məsələ müzakirə olunacaq və onun ətrafında digər xırdalıqlar danışılacaq.

Bu barədə Nadir Şəfiyev fikirlərini belə izah edib: "Bu məsələ də Cənubi Qafqazda infrastruktur layihələrinin gerçəkləşməsi məsələsidir. Yəni, bizim üçün əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan üçün isə onun Rusiya və digər ölkələrlə birbaşa əlaqələrin yaradılmasıdır.

Mən güman edirəm ki, bu görüşdə infrastruktur layihələrinin həyata keçirilməsində razılıq əsas məsələ olacaq. Bununla paralel olaraq Ermənistan tərəfi Azərbaycanın tutub həbs etdiyi terrorçularla bağlı məsələni qaldıracaq və təbii olaraq yenə də məsələni qoyacaq ki, bunlar əsirdilər. Razlılaşmaya görə bütün əsirlər buraxılmalıdır. Bunu Azərbaycandan xahiş edəcəklər, bəlkə də tələb edəcəklər. Bu necə olacaq deyə bilmərəm. Amma bunu Azərbaycandan istəyəcəkləri bir faktdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə