İsmayıllıda şəhidlərin xatirəsi anılıb

İsmayıllıda şəhidlərin xatirəsi anılıb

İsmayıllı rayon Qubaxəlilli və Kürdmaşı kəndlərində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Qəfərov Saməddin Rasim oğlu və əsgər Əliyev Fərid Hamlet oğlunun şəhid olduqları gündə rayon ictimaiyyəti tərəfindən onların yaşadıqları evdə əziz xatirələri anılıb.

Anım mərasimində İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra İsmayıllı rayonu İvanovka kəndində 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş həmyerlilərimizin xatirəsinə yaradılmış bulaq kompleksinin açılışı olub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov şəhidlərin ailələrinə başsağlığı verərək, bu cür qəhrəman övladlar yetişdirdikləri üçün onlara minnətdarlığını bildirib. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və qanı hesablarına illərdir həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməklə bizim başımızı uca etdilər. İndi onların şəhid olduğu torpaqlarda Şanlı Azərbaycan Bayrağı dalğalanır. 44 gün ərzində düşməni diz çökdürən Azərbaycan Ordusu dünyanı heyrətə gətirdi. Şəhid ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur.

Şəhid ailələri onların problemləri ilə maraqlanan, dərdlərinə şərik olan insanlara mənəvi dəstək olduqları üçün razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə minnətdarlıqlarını ifadə ediblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə