"27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlandı. Bir tərəfdə Azərbaycanın silahlı qüvvələri, digər tərəfdə isə Ermənistanın Ordusu ilə tanınmamış "DQR"in silahlı birləşmələri arasında genişmiqyaslı qarşıdurma baş verdi". Gazeta.ru saytında hərbi icmalçısı Mixail Xodarenokun Qarabağ savaşından bəhs edən məqaləsində belə yazılıb.
Müəllif təhlilində Bakının Vətən müharibəsində qalib gəlməsinin səbəblərini göstərib və yeni qarşıdurmanın perspektivləri barədə düşüncələrini bölüşüb:
Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı birləşmələri arasında 44 günlük müharibə zamanı baş verən döyüşlərin təhlilini aparan analitiklər nədənsə Türkiyə istehsalı olan "Bayraktar TB2" və İsrail istehsalı olan "IAI Harop" tipli pilotsuz uçuş aparatlarından (PUA) danışır, onların texniki xüsusiyyətlərini ön plana çıxarmaqla müharibədə oynadıqları rolu şişirdirlər. Amma öncədən onu qeyd edim ki, müasir silah və yeni texnologiyalar işin yalnız bir hissəsidir. Zəfəri Azərbaycana "Bayraktar TB2", yaxud "Harop" deyil, ölkənin ən yüksək hərbi-siyasi rəhbərliyinin həm diplomatik, həm də döyüş meydanında peşəkarlıqla cızdığı taktiki gedişlər və ordu qarşısında qoyulan konkret plan və tapşırıq qazandırdı.

Sovet İttifaqının mövcud olduğu zamanlarda hərbi xidmət Azərbaycan gəncləri arasında o qədər də populyar deyildi. Bunun səbəblərini açıqlamaq başqa mövzunun söhbətidir. Amma fakt budur ki, sovet ordusunun şəxsi heyətindəki yüksək rütbəli zabit və generallar arasında azərbaycanlıların sayı digər millətlərə nisbətən minimal idi. Nümunə kimi deyə bilərik ki, 1991-ci ilə qədər SSRİ Baş Qərargahının Hərbi Akademiyasını yalnız bir azərbaycanlı bitirmişdi - Azərbaycanın ilk müdafiə naziri Valeh Barşadlı. Buna görə də 1991-ci ildə müstəqillik qazandıqdan sonra hətta Azərbaycanın Müdafiə Nazirliyində rəhbər vəzifələr çox vaxt qeyri-hərbi tərcümeyi-halı olan şəxslər tərəfindən tutulurdu. Azərbaycan Müdafiə Nazirliyində və Baş Qərargahda kadr hazırlayacaq ixtisaslı mütəxəssislər də yox idi.
Ermənistanda isə vəziyyət fərqli idi. Bu respublikada keçmiş sovet hərbçilərinin bolluğu vardı. "Niyə"si də başqa mövzudur. SSRİ-nin Əfqanıstan hərbi kampaniyasının liderlərindən olan general-leytenant Norat Ter-Qriqoryantsın Ermənistan ordusunun başçısı olduğunu söyləmək kifayətdir. Birinci Qarabağ savaşında əldə edilən qələbə erməni silahlı birləşmələrini ilhamlandırdı, lakin sonradan qapıldıqları eyforiya ermənilərlə açıq şəkildə qəddar zarafat etdi. Ermənistanın və "DQR"-in hərbi-siyasi rəhbərliyi qəti şəkildə əmin oldular ki, bundan sonra da həmişə belə olacaq və Azərbaycanın bir daha Qarabağda müharibə aparacaq imkanı, həvəsi və bunun üçün müasir ordu yaratması mümkün olmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev isə gələcək qələbə üçün iki mühüm iş gördü. Birincisi, milli maraqlarını təmin etmək, siyasi məqsədlərini həyata keçirmək üçün ən vacib məsələni həll etdi - Azərbaycanda XXI əsrin müasir ordusunu yaratdı. Baxmayaraq ki, buna həm vaxt, həm çox böyük zəhmət və həm də milyardlarla vəsait tələb olunurdu. İkincisi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün regionun mübaliğəsiz lideri olan Türkiyənin dəstəyini qazana bildi.

Nikol Paşinyan və Ermənistanın ən yüksək dövlət və hərbi rəhbərliyinin nümayəndələri isə Bakının fonunda açıq şəkildə solğun göründülər. Həm ölkəni, həm də silahlı qüvvələri müharibəyə əvvəlcədən hazırlamaq, erməni birləşmələrinin daimi döyüş və səfərbərlik hazırlığını qorumaq baxımından çox az iş gördülər. Görünür, İrəvanda heç kim müharibə zamanı strateji ehtiyatlar formalaşdırmaq, lazımi maddi ehtiyatlar yaratmaq, onları (eləcə də silah və texnikanı) necə bərpa etmək lazım olduğunu düşünməmişdir. Silahlı qüvvələrin hərəkətini təmin edəcək infrastrukturun hazırlanması, ilk növbədə qoşunların, mühüm hərbi obyektlərin və təmas xəttindən uzaqda yerləşdirilən qurğuların qorunması istiqamətində iş görülmədi. Təbii ki, belə "hazırlıqdan" sonra, üstəlik döyüşə hazır bir ordu olmadan, hər hansı bir siyasi bəyanat vermək də yersiz idi. Görünür, İrəvan kiminsə köməyinə arxalanmışdı.
Ermənistanda bəzi siyasətçilərin ara-sıra xatırlatdıqları Qərb isə Ermənistandan çox uzaqda idi və onların fəaliyyəti narahatlıqdan başqa bir şeyə yaramırdı. Rusiyaya isə Qarabağda baş verənlər tam şəkildə tanış idi və rəsmi Moskva Ermənistanın yanında olmaq üçün əlindən gələni edirdi. Azərbaycanla isə münasibət fərqli idi, sözdə dost, arxada isə qeyri-müəyyənlik. Buna baxmayaraq Moskva dəfələrlə bəyan etmişdi ki, həm Ermənistan, həm də Azərbaycan onun üçün eyni tərəfdaş ölkələrdır.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu qələbənin dadını ilk gündən hiss etdi. Bu həqiqətin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Azərbaycan münaqişəni elə formada həll etdi ki, indi rəsmi Bakı "Dağlıq Qarabağın statusu" məsələsini müzakirə etmək belə istəmir. Üstəlik, İlham Əliyev çıxışlarında deyir ki, "status məsələsi gündəmdən tamamilə çıxarılmalıdır".
Bu günün reallıqları ilə yanaşsaq Qarabağ probleminə nöqtə hələ qoyulmayıb. İki minə yaxın rus sülhməramlısı hələ də Qarabağdadır və vəziyyətin yenidən gərginləşməsinə mane olur. Moskvanın sülhməramlı kontingentinin münaqişə zonasında qalma müddəti 5 ildir və əgər tərəflərin - Azərbaycan, Ermənistanın heç bir rəsmi etirazı olmasa mandat avtomatik olaraq növbəti beş il müddətinə uzadıla bilər. Missiya əslində nə qədər davam edəcək - bu gün hələ heç kim deyə bilməz.
Açığını desək, İrəvan üçün vəziyyət heç də ürəkaçan deyil. Çox az olan əhalisi və məhdud maliyyə imkanları ilə Ermənistan nə müasir ordu yarada, nə də müharibə apara bilər. İrəvanın ən böyük problemi hərbi hava qüvvələrinin yaradılmasıdır. Məsələn, Ermənistan 100-ə yaxın döyüş təyyarəsi alsa Hərbi Hava Qüvvələrini döyüşə hazır vəziyyətə gətirə bilər. Hesab etsək ki, 4-çü nəsil döyüş təyyarəsinin birinin qiyməti 120-150 milyon dollardır, hələ bunların silahlarını demirik, yalnız təyyarələrin alışı üçün, haradasa 15 milyard dollar tapmaq lazımdır. Bu vəsait isə Ermənistanda yoxdur.
Azərbaycana gəlincə, onun hərbi-iqtisadi potensialı Ermənistanı xeyli üstələyir və bu fərq hər gün sürətlə artmaqda davam edir. Bu məsafə böyüdükcə Bakının güc tətbiq etmək istəyi də artır. Bu mənada Qarabağda üçüncü müharibə qaçılmazdır. Yeganə sual vaxtdır.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB