"Anım Gününün ardından bizdə qələbələr seriyası başlanır " SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"27 sentyabrı Anım Günü kimi qeyd etsək də, bu təqvim bizim tariximizin ən şərəfli günlərindən biridir. Yəni bu ağlamaq, sızlamaq günü deyil, sadəcə olaraq, uzun müddət ermənilərin işğalı altında qalmış torpaqlarımızın azad edilməsinə başlandığı gündür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu günün başlanğıcından sonunadək, yəni noyabrın onunadək 44 gün ərzində Azərbaycanın ən dəyərli, ən igid oğulları öz canlarını fəda etdilər ki, torpaqlarımız azad edilsin. Azər Həsrət bu barədə fikirlərini belə izah edib: "Anım Günü məhz onların ruhuna ithaf edilir. Məhz onların öz canlarını fəda etməsi nəticəsində torpaqların azad edildiyini bütün Azərbaycan xalqı, bütün dünya bilir. Ona görə də, Azərbaycan dövləti qərara gəlib ki, o igidlərimizin xatirəsini məhz sentyabrın 27-dən başlayaraq anaq. Biz onları anmaqla həm də yetişməkdə olan nəslə Azərbaycan xalqının öz igidlərinə verdiyi dəyəri göstərmiş oluruq. Biz bütün dünyaya torpaq uğrunda, vətən uğrunda canını fəda etmiş igidlərimizə necə sayğılı yanaşdığımızı göstərmiş oluruq. Biz eyni zamanda öz canını Azərbaycanın bütövlüyü uğrunda fəda etmiş insanların əzizlərinə, yaxınlarına göstərmək istəyirik ki, onlar təkcə, öz ailələrinin ata-analarının yaxınlarının övladları deyil, bütün Azərbaycan xalqının övladlarıdır. Yəni onlar övlad itiriblər, əzizlərini itiriblər. Bu o demək deyil ki, dərd yalnız onlarındır. Dərd yükü həm də bizimdir, həm də bütün Azərbaycan xalqınındır və Azərbaycanın dostlarınındır. Ona görə də 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bunun çox böyük tərbiyəvi, vətənpərvər əhəmiyyəti var. Əlbəttə ki, Anım Gününün ardından bizdə qələbələr seriyası başlanır. Hamımız xatırlayırıq ki, ötən ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev hər axşam televiziya kanallarından xalqa müraciət edərək yeni-yeni yurd yerlərimizin düşmən işğalından azad edilməsi xəbərini verirdi. Bu xəbərlər ona gətirib çıxartdı ki, artıq noyabrın 8-də bəzən bizə xəyal kimi görünən Şuşa şəhəri belə işğaldan azad edildi. Noyabrın onunda isə Ermənistan kapitulasiyaya razılıq verdi. Yəni Azərbaycan işğalçı Ermənistanı dizə gətirdi. Bununla da o torpaqlar uğrunda canını fəda etmiş şəhidlərin ruhu rahatlıq tapdı. Biz bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların işi yarımçıq qalmadı. Azərbaycan bayrağı artıq Şuşada dalğalanır. Şuşa və bütövlükdə Qarabağ Azərbaycandır! Biz Ermənistanla dövlət sərhədini bərpa etmişik. Hansı ki bunu 30 ildə etmək mümkün olmurdu".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə