Qələmi əlimə alıb bu yazıya başlayar-başlamaz yadıma məşhur “Bəxt üzüyü”ndəki məşhur qəhraman, şair Moşu Göyəzənlinin məşhur bir kəlməsi düşdü: yaneram a dağılar! Moşu müəllim niyə yanırdı, nədən yanırdı, necə yanırdı, onun indi deyəcəklərimlə bir bağlılığı yoxdu. Amma nə qədər bağlılığı olmasa da, yanmaq elə yanmaqdı.
Xülasə deyib, gələk mövzumuza. Ötən il 44 günlük zəfər savaşı ərəfəsində Azərbaycanda milli birlik formalaşdırmaq yönündə ciddi addımlar atıldı. Təşəbbüs hakimiyyət tərəfindən gəlsə də ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatların mütləq əksəriyyəti bu təşəbbüsü alqışladı və adekvat addımlar atdılar. Radikal çıxışları ilə o zaman da, indi də seçilən partiyaların əksəriyyəti bu çağırışa qoşuldu. Səmimi deyim ki, millət gözləmədiyi bu birlik təşəbbüsünün belə coşqu ilə reallaşmasından çox sevindi və alqışladı. Müharibə dövründə də, ondan sonra ötən müddət ərzində də qeyd-şərtsiz taleyüklü məsələlərin həllində vahid mövqe ortaya qoyulmasının milli və dövlətçilik baxımından nə qədər əhəmiyyətli olduğunun hər kəs şahidi oldu. Və hər kəs də bunu müsbət addım kimi dəyərləndirdi. Təkcə iki partiya və siyasi, yoxsa ictimai təşkilat olduğu bilinməyən, formatı hələ də tapılmayan “Milli Şura” adlanan qurumdan başqa. Əslində, onlar da bu birliyin Azərbaycanın bu günü və gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu gözəl anlayırlar (O qədər də axmaq deyillər axı bunu da qanmasınlar!). Amma yenə bu milli birlik yoluna qədəm qoymurlar və qoymaq da istəmədikləri göz qabağındadı.
Oxucum elə düşünəcək ki, məni də yandıran onların bu birliyə qoşulmamalarıdır. Qətiyyən! Görünən dağa bələdçimi lazımdı? Bunların dabbaxdakı gönlərinə qədər bələd olduğumdan, damarlarında axan qanın istiqamətindən, iliklərindəki anticisimlərin çığırtısından xəbərdaram və onlardan bundan artığını gözləmirdim də. Məni yandıran başqa məsələdi. İndi deyim Siz də bilin. Kim yanar yanar, kim də yanmaz, sadəcə bir az düşünər.
Azərbaycan tarixində1918-ci ildə ilk Demokratik Cümhuriyyətin əsas qurucusu M.Ə.Rəsulzadənin başqanı olduğu Müsavat Partiyası olmuşdu. Yəni tariximizə qızıl hərflərlə yazılan bir Cümhuriyyəti quran, onun rəmzlərini müəyyənləşdirən, bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr edən insanların cəmləşdiyi bir partiya olub və onun tariximizdəki xidmətlərini heç kim inkar edə bilməz. Bəs necə oldu ki, milləti və dövləti naminə bütün məşəqqətlərə dözüb də, “Bir kərə qalxan bayrağın bir daha enməməsi” uğrunda canlarını fəda edən belə insanların ideologiyasının davamını İsa kimi, Arif kimi milli düşüncədən, dövlətçilik maraqlarından uzaq səbatsızlar davam etdirmək istədilər?
Elə həmin partiyanın rəhbərliyi altında Cümhuriyyətin ilk Parlamenti olan Milli Şura da Azərbaycanın müstəqilliyi, ərazisinin müdafiəsi, insanların savadlanması, gələcəyin firavanlığı yolunda ciddi qərarlar qəbul etmiş və o qərarların hər biri Azərbaycanın tarixində müqəddəs yer tutmaqdadır. Bəs necə oldu ki, bu qurumun da adına Cəmil kimi elmdən çox helmi olan bir antipod yeni qurum yaratdı və adın da qoydu ki, guya Azərbaycanı “Xilas”(Hı!!!) etmək istəyir. Di gəl ki, az qala on ildi bir kal armud olub keçib millətin boğazına, nə o yana gedir, nə də bu yana.
Qaldı biri – AXCP! Bunu da kimsə dana bilməz ki, 1988-ci ildə yaranan Milli Azadlıq Hərakatındakı pərakəndəliyi aradan qaldlrmaq, milləti iki konkret ideya – azadlıq və ərazi bütövlüyü ideyaları ətrafında vahid məxrəcə gətirən, bütün azadlıqsevər kütləni ətrafında cəmləyən və müstəqilliyimizin əldə edilməsində müstəsna xidmətləri olan bir ictimai təşkilat idi AXC. Di gəl bu təşkilatın da adına bir partiya çıxartdılar, düşdülər ortaya. Həm də o partiyaya o kəs başqanlıq edir ki (Özünütanımaz Əli nəzərdə tutulur), onun istər AXC-nin qurulmasında, istərsə də Milli Müstəqilliyimizin əldə olunmasında xidməti sıfır səviyyəsində olub. İndi yanmayım neyniyim? Son yüz illik tariximizdə adları qızıl hərflərlə yazılmalı olan bu üç qurumun üçünün də adına sahib çıxanlar bu gün anti-milli və anti-dövlət fəaliyyət göstərirlər. Ən azı tariximizə xəyanət deyilmi bu? Xəyanətin cəzası yoxmu? Yoxdusa, vay bizim halımıza. Varsa, nəyi gözləyirik? Bax, ona yanıram, yanıram ki, bu böyüklükdə xalqın gözləri qarşısında tariximizi gözdən salanların xəyantlərini görürük, amma susuruq. Bir az da sussaq, yanıb külə dönəcəyik. Allah bu məsələdə bizə səbr verməsin və yanıb külə dönməmiş tariximizin izini murdarlayanlardan tariximizi xilas edə bilək! AMİN deyək ki, müstəcəb olsun!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə